Yol polisinin sərxoşlar əleyhinə xüsusi qrupuna “Təhlükəsiz Yol ” Alyansından xüsusi dəstək…

Ölkənin avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri və bu üzdən artan insan itkisinin bir səbəbi də sürücülərin sərxoş halda sükan arxasına keçməsi ilə əlaqədardır.

Çünki müşahidələr göstərir ki, ölümlə nəticələnən qəzaların bir qismi məhz sərxoş sürücülərin günahı üzündən baş verir. Xatırladaq ki, ötən il baş verən qəzalarda 1168 nəfər həlak olub, 2997 nəfər isə yaralanıb. Qəzaların 1065-ni piyadaların vurulması təşkil edib ki, nəticədə 393 piyada həlak olub, 749-u yaralanıb.

Yol polisi qəzaların sayını minimuma endirmək üçün bu istiqamətdə müxtəlif tədbirlər görür. Belə ki, paytaxtda sərxoş sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində xüsusi qrup yaradılıb. Qurumun bölmə rəisi Vaqif Əsədovun bununla bağlı mətbuata verdiyi məlumata görə, qrup gecə saatlarında sərxoş sürücülərə qarşı mübarizə məqsədilə reydlər aparır: “Bundan sonra spirtli içki qəbul edib sükan arxasında oturan şəxslər barəsində tərtib olunan protokol birbaşa məhkəmələrə göndəriləcək. Ona görə də bütün sürücülərə məsləhət edirəm ki, içkili halda avtomobil idarə etməkdən çəkinsinlər”.

Qeyd edək ki, son 20 gün ərzində aparılmış reydlər zamanı Bakıda 110 sərxoş sürücü saxlanıb və barələrində müvafiq inzibati tədbirlər həyata keçirilib.

Məsələyə münasibət bildirən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov BŞDYPİ-də sözügedən məsələ ilə bağlı xüsusi qrupun yaradılmasını dəstəklədiyini bildirdi: “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu tip reydlərin keçirilməsini bu sahədə fəaliyyət göstərən təşkilat olaraq izləyirik. Bununla yanaşı, bir təşkilat, vətəndaş olaraq bu kimi inzibati tədbirlərin görülməsini təqdir edirik. Əslində bu cür reydlərin keçirilməsi çox yaxşı haldır. Çünki belə xoşagəlməz halların qarşısını almaq, sayını minimuma endirmək üçün müəyyən inzibati mübarizənin aparılması mütləq lazımdır. Çünki bunsuz yaranan problemlərin həll edilməsi mümkün deyil. Bəziləri bu cür inzibati tədbirlərin görülməsini məqsədəuyğun hesab etmir.

Fikrimcə, bu cür yanaşma doğru deyil. Ancaq bütün bu inzibati tədbirlərin görülməsi ilə yanaşı, insanlar yol qəzalarının acı nəticələri ilə bağlı ciddi maarifləndirilməlidir. Maarifləndirmə olmadan görülən tədbirlər əhəmiyyətli effekt verməyəcək. Ən yaxşı halda görülən inzibati xarakterli tədbirlər müvəqqəti səmərə verəcək. Yəni həmin sərxoş sürücü ilə bağlı tərtib olunan protokol bir müddət sonra onun yadından çıxacaq. Hesab edirəm ki, bu tip inzibati mübarizə ilə paralel mütləq maarifləndirici xarakterli işlər də görülməlidir. Sərxoş sürücülərin törətdiyi qəzalarla bağlı xüsusi reklam rolikləri hazırlanmalıdır ki, insanlar bundan özlərinə nəticə çıxarsın. Bir dəfə qəza ilə bağlı bir rolikə baxdım və günlərlə onun yaratdığı təəssürat yadımdan çıxmadı”.

Ş.Camalovun fikrincə, inzibati və maarifləndirici xarakterli tədbirlər düzgün təşkil olunsa, yol-nəqliyyat hadisələrinin sayı kəskin aşağı düşə bilər: “Ola bilər ki, görülən maarifləndirici xarakterli tədbirlər anında effekt verməsin. Ancaq mərhələ-mərhələ bu istiqamətdə görülən tədbirlər öz səmərəsini verə bilər. Sözügedən işlər paralel görülərsə və bu sahəyə ictimai sektor ciddi münasibət göstərərsə, baş verən yol-nəqliyyat hadisələrinin sayı ən azı 30-40 faiz azala bilər.

Çünki müşahidələr göstərir ki, sürücülərin bir çoxu məlumatsız olduğundan qayda pozuntularına yol verir”.

online.baki-xeber.com

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO