“Yol hərəkəti haqqında ” qanuna dəyişikliklər təsdiq olunub

İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərdə sürücülük vəsiqəsi üçün tələb olunan dövlət rüsumunun yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməli olduğu qeyd edilib.

Həmçinin, sürücülük vəsiqəsi almaq üçün imtahanlar zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi yaradılacaq.

Əlavələrdə nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera quraşdırılması əks olunub.

Həmçinin, nəqliyyat vasitələrinin idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda nəqliyyat vasitələri növbələri istisna edəcək sayda olmalı və imtahan verilən gün istehsal tarixi 5 ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə olunmalıdır.

Əlavə və dəyişikliyə görə, sürücülər imtahandan 30 dəqiqə sonra sürücülük vəsiqəsini ala biləcəklər.

“Yol hərəkəti haqqında” qanuna olunan dəyişikliyə görə, Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi prosesi “bir pəncərə” sistemi ilə həyata keçiriləcək. Dəyişikliklərdə Baş Dövlət Yol Polisi İdarəsində “bir pəncərə”nin təşkili nəzərdə tutulub.

Həmçinin, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanının yaradılması və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) elektron formada məlumat verilməsi də nəzərdə tutulub.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsi məqsədilə elektron idarəetmə sistemi yaradılacaq.

Dəyişikliklərə görə, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırllıq keçə bilər.

A1, A və B kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üzrə sürücülük vəsiqəsi almaq istəyənlər nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər.

Göstərilən kateqoriyalar istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.

Parlamentin iclasında “Dövlət rüsumu haqqında” qanuna olunan dəyişikliyə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə tariflər müəyyən olunub.

Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödəniləcək.

Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.

Digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə 18 manat məbləğində rüsum nəzərdə tutulub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı məlumat verərək bildirib ki, dövlət rüsumunun tətbiq olunması bu sahədə qeydə alınan korrupsiya hallarının qarşısının alınmasına yönəlir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO