YAP Gənclər Birliyi yeni layihəyə start verib

YAP Gənclər Birliyi yeni “Xarici Siyasət Klubu” layihəsinə (Foreign Policy Club) start verib.
Trend-in məlumatına görə, bununla bağlı YAP gəncləri, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov Birliyin ofisində YAP-ın icra katibi Əli Əhmədovla görüş keçiriblər.

Əhmədov YAP-çı gənclərin bu uğurunu yüksək qiymətləndirərək deyib ki, Azərbaycan gəncliyi öz dünyagörüşü, müasirliyi ilə əvvəlki nəsillərdən fərqlənir.

“Bu gün siz gənclər özünüzü gələcəyi, gələcəyi də özünüzə hazırlamalısınız. Siz ölkədə və dünyada gedən prosesləri öz kontekstinizdə təhlil etməyi bacarmalısınız. Bununla da siz gənclər müşahidəçi yox, baş verən proseslərdə birbaşa aktiv olmalı və sağlam mövqedən iştirak etməlisiniz”, – Əhmədov deyib.

Daha sonra Ramin Məmmədov layihə haqqında məlumat verib. O qeyd edib ki, klubun yaradılması partiyanın xarici əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək.

“Burada YAP gənclərinin xarici təşkilatlarla əlaqələrinin daha da genişləndirilməsinə diqqət veriləcək və partiyanın xarici siyasəti ilə bağlı geniş məlumatlar yer alacaq”, – Məmmədov deyib.

O bildirib ki, eyni zamanda, xarici səfərlərdə və xarici qonaqlarla görüşlərdə, tədbirlərdə beynəlxalq siyasətlə bağlı prioritetlər təqdim olunacaq. Klubda xarici əməkdaşlarla birbaşa təmaslar qurulacaq, həmçinin mütəxəssislərin daxili və xarici siyasətlə bağlı leksiyaları dinləniləcək.

Məmmədov bildirib ki, layihə çərçivəsində ayda 4 görüş baş tutacaq: “Bu görüşün ikisi azərbaycanlı və xarici qonaqlarla, digər ikisi isə akademiklərlə görüş olacaq. Biz istəyirik ki, bizim gənclər xüsusi dil biliklərinə malik olsunlar. Bunun üçün dil kursları da təşkil ediləcək”.

Məmmədov vurğulayıb ki, Birlik hazırda dünyanın 20-dən çox siyasi təşkilatı ilə əməkdaşlıq edir.

Daha sonra layihə haqqında slayd təqdimat keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]org

1905.az STUDIO