Ötən ilin dekabrında Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə təsis olunan Azərbaycan-Macar Gəncləri Təşkilatının üzvləri Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə fevralın 26-da Budapeştin mərkəzindəki “Qəhrəmanlar” meydanında aksiya keçiriblər.
Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barəsində məlumatlar verib, buklet, kitab, və DVD disklər paylayıblar.
Üç saata yaxın davam edən aksiyaya macarlar böyük maraq göstəriblər. Ermənilərin dinc azərbaycanlı sakinlərə, qadınlara, qocalara və uşaqlara qarşı törətdikləri vəhşiliklər macarlarda böyük hiddət doğurub. Aksiyanın sonunda iştirakçılar “Qəhrəmanlar” meydanında şamlarla “Xocalı” yazıb, “Xocalıya ədalət”, “Ruanda, Xocalı və Serebrinitsa – UNUDULMASIN”, “Erməni vəhşiliyinə hüquqi qiymət verilsin” və s. şüarlar səsləndirib.
Qeyd edık ki, iştirakçıların aksiya ilə bağlı hazırladığı video çarxı http://www.youtube.com/watch?v=VCmB2EzKKOo linkindən izləmək mümkündür.