Xocalı qətliamının 21-ci ildönümü Vaşinqtonda keçirilmiş xüsusi mərasimdə anılıb.
Azərbaycanın Vaşinqtondakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim Azərbaycan Respublikası səfirliyi və ABŞ Azərbaycanları Şəbəkəsi tərəfindən Vaşinqton şəhərində fəaliyyət göstərən Höte adına alman mədəniyyət mərkəzində təşkil olunmuş mərasimə diplomatik korpus, dövlət qurumları, təhsil ocaqları, araşdırma mərkəzləri və yerli ictimaiyyət nümayəndələri və eləcə də Azərbaycan, türk, yəhudi və digər icmaların təmsilçiləri qatılıblar.
Toplantıda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Konqresinin İllinoys ştatından seçilmiş üzvü Rəndi Haltqren (Randy Hultgren), ABŞ Azərbaycanları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov və Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ Fondu”nun icraçı direktoru Diana Altman çıxış ediblər.
Səfir Süleymanov 1992-ci ilin şaxtalı fevral günlərində Xocalıda yaşayan həmvətənlərimizin düçar olduğu qətliam və erməni işğalçıların zülmündən danışıb və bu faciənin xalqımızın qanlı yaddaşında buraxdığı izlərdən söz açıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli şəkildə həll edilməsinin vacibliyini vurğulayıb və eyni zamanda Azərbaycan xalqının münaqişə boyu məruz qaldığı məşəqqətlərə baxmayaraq, öz ənənəvi tolerantlağını qoruyub-saxladığını göstərib.
Konqresmen Haltqren Azərbaycanın dostu olaraq, Xocalıda faciəvi şəkildə həyatlarını itirmiş insanların xatirəsini yad etmək üçün mərasimə qatıldığını bildirib və öz tərəfindən bir müttəfiq kimi ABŞ-ın ölkəmizin inkişafı və rifahına verdiyi dəstəyin artırılması üçün səylərini davam etdirəcəyini söyləyib.
ABŞ Azərbaycanları Şəbəkəsinin həmtəsisçisi Adil Bağırov erməni hərbi qüvvələrinin Xocalıda törətdikləri qanlı hadisələrin bir qətliam kimi qiymətləndirilməsi barədə Ştatlar tərəfindən qəbul edilən qətnamələr və eləcə də Ağ Evin internet səhifəsində Xocalı faciəsi ilə bağlı həyata keçirilmiş uğurlu petisiya kampaniyasının daşıdığı əhəmiyyət haqqında fikirlərini bölüşüb.
“Qarabağ Fondu”nun icraçı direktoru Diana Altman isə tədbir iştirakçılarını Xocalı qətliamının tarixçəsi, o cümlədən şəhərin coğrafi mövqeyi, Azərbaycan üçün malik olduğu tarixi və mənəvi dəyəri, yerli əhalinin faciəyədək yaşadığı ağır günlər barədə məlumatlandırıb. Çıxışların sonunda qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Xocalı qətliamına dair foto-sərgi və “Qarabağ Fondu”nun təqdim etdiyi, Azərbaycanlı rəssam Nərminə Vəliyevanın Xocalıya dair əsərləri ilə tanış olublar.
Mərasim amerikalı musiqiçilər Şele Falk və Sindi Rozenberqin skripka və kontrabasda ifa etdikləri qəmgin musiqi sədaları altında Xocalı qurbanlarının adları toplantı zalındakı böyük ekranda bir-bir xatırladılmaqla başa çatıb.