Cümə axşamı Moskvanın “Yunost” mehmanxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir. Bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva iştirak etmişdir.
“Yunost” mehmanxanasının foyesində Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş uşaqların rəsmləri sərgilənmişdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvaya dəvət olunmuş balaca rəssamların əl işlərində müharibəyə, zülmə və ədalətsizliyə etiraz əksini tapmışdır. Uşaqlar onları Moskvaya dəvət etdiyinə görə Leyla xanım Əliyevaya təşəkkürlərini bildirmiş, ona Azərbaycanın gerbi və bayrağı əks olunmuş rəsmlərini hədiyyə etmişlər.
Xocalı faciəsini əks etdirən fotoşəkillər asılmış salona toplaşanlar bu soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra “Xocalıya ədalət” kampaniyası çərçivəsində Rusiyada həyata keçirilən aksiyalar barədə film nümayiş etdirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva çıxış edərək bildirmişdir ki, artıq 21 ildir ki, biz Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən birinin qurbanlarının xatirəsini yad etmək üçün toplaşırıq. İyirmi bir il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirmişlər. Bu 613 günahsız, vəhşicəsinə qətlə yetirilmiş insan heç zaman unudulmayacaq və qəlblərimizdə daim yaşayacaqdır. 1992-ci ilin həmin fevral gecəsi baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir.
Leyla Əliyeva demişdir: “Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın. Məhz buna görə də biz 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürdük. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanmışdır”. Leyla xanım Əliyeva vurğulamışdır ki, Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva demişdir: “Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanımışlar. Bundan əlavə, ABŞ-ın 7 ştatı bu soyqırımını tanımışdır. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik, hələ çox işlər görəcəyik və mən inanıram ki, tezliklə dünyanın bir çox ölkəsi bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bütün qaçqınlar və məcburi köçkünlər doğma torpaqlarına, evlərinə qayıdacaqlar”.
Bu tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərən Rusiyanın paytaxtında keçirildiyini vurğulayan Leyla xanım Əliyeva demişdir: “İstərdim ki, dünyanın bütün ölkələrinin vətəndaşları kimi, Rusiya vətəndaşları da bu dəhşətli faciə haqqında həqiqəti bilsinlər. Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, Xocalı faciəsindən sonra Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdı. Ancaq yalnız son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondunun və böyük dünya aksiyasına çevrilmiş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın səyləri sayəsində dünya üzünü Azərbaycan tərəfə çevirməyə başlamışdır. Səfir demişdir: “Bu, göstərir ki, artıq dünyada insanlar həqiqəti yalandan ayırmağa başlamışlar. Biz və gələcək nəsillər bu cür faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalını unutmamalıyıq”.
Sonra Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, 1991-1992-ñi illərdə Füzuli rayonunun hərbi komendantı olmuş, qəhrəmanlığına və vətəndaş mövqeyinə görə Azərbaycan Milli Məclisinin fəxri medalına layiq görülmüş istefada olan general-leytenant Aleksandr Volox, “Xocalıya ədalət” kampaniyasının əlaqələndiricisi Nicat Məmmədli çıxış edərək Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırımı olduğunu vurğulamış, bu faciənin səbəbkarları barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışmışlar.
Sonda Moskvaya dəvət olunmuş balaca rəssamlar Xocalıya həsr olunmuş şeirlər söyləmişlər.
Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak etmişlər.