VƏKİL OLMAQ İSTƏYƏNLƏR MART AYINDA İMTAHAN VERƏCƏKLƏR

Vəkil olmaq istəyənlər mart ayında imtahan verəcəklər. “Media forum” saytına açıqlama verən Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov imtahanın dəqiq vaxtının gələn ayın ilk ongünlüyündə müəyyənləşəcəyini deyib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti sənəd qəbulunun başlanması ilə bağlı 2008-ci il iyulun 15-də rəsmi elan verib. Qəbul vaxtı 4 ay nəzərdə tutulsa da, sonradan müddət uzadılıb. Vəkillər Kollegiyasına sənəd qəbulu yanvarın 31-də başa çatıb. 503 hüquqşünas imtahanlara qatılmaq üçün sənəd verib.

F.Nəcəfov İxtisas Komissiyasının tərkibindəki dəyişikliklərdən də danışıb: “İxtisas Komissiyasına daxil olan üç vəkildən biri – Qurban Abbasov başqa vəzifəyə keçdiyindən onu Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov əvəzləyəcək. Onu bu vəzifəyə Ali Məhkəmənin plenumu təyin edib”.

Kollegiyaya üzv olmaq üçün ilk imtahan 2005-ci il fevralın 6-da, növbəti imtahan 2007-ci il martın 4-də keçirilib. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanuna görə, kollegiyaya qəbul imtahanı hər il keçirilməlidir.

Hazırda Azərbaycanda 782 vəkil var.

İmtahanlar iki mərhələdən ibarət olur: yazılı və şifahi. Yazılı test imtahanından minimum 50 bal toplayan namizəd ikinci mərhələyə keçir. Qanuna görə, şifahi müsabiqəni Vəkillər Kollegiyasının 11 nəfərdən (5 vəkil, 3 hüquqşünas alim və 3 hakim) ibarət İxtisas Komissiyası aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO