Vəkillərə və məhkəmə aparatı işçilərinə təlimlər keçiriləcək

Vəkillərə və məhkəmə aparatı işçilərinə təlimlər keçiriləcək.

Azərbaycan Hüquq İslahatları Mərkəzindən (AHİM) Trend-ə verilən məlumata görə, təlimlər mərkəzin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən “Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi” adlı layihə çərçivəsində təşkil olunacaq.

Üç ay ərzində davam edəcək layihənin məqsədi korrupsiya hallarının qarşısının alınması üzrə mübarizədə vəkillərin və məhkəmə aparatı işçilərinin maarifləndirilməsini təmin etməklə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına dəstək verməkdir.

AHİM-in rəhbəri Anar Bağırov bildirib ki, hal-hazırda ölkəmizin hüquq sferasında peşədaxili etika qaydalarının öyrənilməsi və bu istiqamətdə aidiyyəti işçilərin maarifləndirilməsində bir sıra problemlər mövcuddur.

“Bütün bunlara baxmayaraq, məsələnin həlli istiqamətində dövlət və qeyri-dövlət qurumları tərəfindən çoxlu sayda etik davranış qaydaları qəbul olunaraq onların təbliği üzrə işlər aparılmaqdadır. Əslində, bütün bu sənədlərin məqsədi həmin sferada çalışan işçilərin vahid peşə davranışı qaydalarının müəyyən edilməsidir”, o deyib.

Bağırov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə əsas vasitələrdən biri kimi çıxış edən peşədaxili etik davranış qaydaları gələcəkdə insan hüquqlarının müdafiəsinə təminat verməklə onların pozulması ehtimalını da aşağı salır.

“Azərbycan Respublikasında yerli qanunvericiliyin beynəlxalq, habelə Avropa standartları ilə mütərəqqi harmonizasiya təcrübəsinin olmasına baxmayaraq vəkillik, habelə məhkəmə aparatı işçilərinin sahəvi etik davranış qaydalarının müəyyənləşdirilməsində açıq qalan məsələlər mövcuddur. Məhz buna görə Avropa Vəkillər Kollegiyaları Assosiasiyası tərəfindən qəbul olunmuş Avropa Vəkillərinin Davranış Kodeksinin vəkil və hüquqşünaslara çatdırılması, onların bu sahədə biliklərinin zənginləşdirilməsi, həmçinin adı çəkilən sahədə boşluğun doldurulması vəkilliyin inkişafı baxımından faydalı olacaq”, AHİM rəhbəri vurğulayıb.

Layihə çərçivəsində yerli ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi, habelə Avropa Vəkillərinin Davranış Kodeksinin (Kommentariyasının), “Məhkəmə aparatı işçilərinin etik davranış prinsipləri”nin tərcümə olunaraq vəkil, məhkəmə aparatı işçiləri, həmçinin hüquq ictimaiyyəti arasında paylanılmasının təşkil edilməsi nəzərdə tutulub.
Təlimlərin paytaxt və digər regionlarda keçirilməsi planlaşdırılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO