Cons Hopkins Universitetinin (Johns Hopkins University) Mərkəzi Asiya və Qafqaz İnstitutu tərəfindən “İstanbul Prosesi-26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” başlığı altında tədbir təşkil edilib.
Trend-in Azərbaycanın ABŞ-dakı Səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə çıxışçı qismində Azərbaycan səfirliyinin müşaviri Nərgiz Qurbanova, Qazaxıstanın ABŞ-dakı səfiri Kairat Umarov, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisinin müavini Lin Treysi və Türkiyə səfirliyinin müşaviri Timur Söyləməz çıxış ediblər.
Səfirliyin müşaviri Nərgiz Qurbanova çıxışı zamanı İstanbul Prosesi çərçivəsində həyata keçirilən Etimad Quruculuğu Tədbirlərində (EQT), xüsusilə regional infrastruktur, EQT-də Azərbaycanın aparıcı rolundan danışıb, bu xüsusda Əfqanıstanın iqtisadiyyatının inkişafı üçün bu ölkənin regional nəqliyyat şəbəkəsi vasitəsilə dünya bazarına inteqrasiyasının vacibliyini vurğulayıb.
“Əgər biz Əfqanıstanı inkişaf etmiş, sabit və müstəqil görmək istəyiriksə, bu ölkənin iqtisadiyyatının inkişafına dəstək verməliyik”, – Qurbanova bildirib.
Əfqanıstanın inkişafının təkcə daxili amillərdən deyil, həm də region ölkələrində gedən inkişaf proseslərindən də asılı olduğunu qeyd edən Qurbanova, xüsusilə 2014-cü ildən sonra bu ölkənin regional ticarət və nəqliyyat şəbəkəsinə qoşulmasının vacibliyini vurğulayıb.
Bu proseslərdə Azərbaycanın yaratdığı imkanlardan danışan Qurbanova Azərbaycanın coğrafi mövqeyi, o cümlədən Şimal-Cənub, Şərq-Qərb oxu üzərində yerləşməsi, Qara və Aralıq dənizləri limanlarına yaxınlığı, habelə Azərbaycan tərəfindən həyata keçirilən regional infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb.
O, bu amillərin Azərbaycanın regionda həyata keçirilən bütün nəqliyyat layihələrinin, o cümlədən TRASECA, CAREC proqramının təşviq etdiyi nəqliyyat dəhlizləri kontekstində vacib rol oynadığını bildirib.
Dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisinin müavini Lin Treysi İstanbul prosesindən bəhs edərkən Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən əfqan diplomatlara təlimlərin təşkilini və elm sahədə verdiyi töhfələri təqdir edib.
Azərbaycanın inşa etdirdiyi Ələt limanı regional yükdaşımanın artmasına təsir edəcəyini vurğulayan xanım Treysi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə tikilən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin regionu Avropa ilə bağlayacağını qeyd edib.
Tədbir bu il aprelin 26-da Almatıda keçiriləcək İstanbul prosesinin yüksək vəzifəli nümayəndələrinin görüşünə həsr edilib.