Ukrayna Azərbaycanlıları Konqresi (UAK), Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna nümayəndəliyi və Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən 31 mart – Azərbaycanlıların Soyqrım Gününə hüquqi siyasi qiymət verilməsi üçün ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaraya müraciət ünvanlanıb.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi UAK-dan bildirilib.
Müraciətdə ATƏT ermənilərin indiyədək Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və işğalçılıq siyasətinə qiymət verməməkdə ittiham olunub.
BMT və bir sıra beynəlxalq təşkilatlara da ünvanlanan müraciətdə beynəlxalq qurumlar Ukraynada yaşayan soydaşlarımız adından ikili standartlardan əl çəkməyə çağırılıb.
UAK-ın Kiyevdə 31 Mart- Azərbaycanlıların Soyqrım Gününə həsr olunmuş anım mərasımın Konqresin sədri Rövşən Tağıyev çıxış edərək ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri mərhələli soyqrım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, ötən əsrin əvvəllərindən başlayaraq 1918-ci ilədək bolşevik və daşnak silahli dəstələri Bakıda, Qubada, Zəngəzurda, Şamaxıda, Naxçıvanda, Göyçə mahalında və bir çox yurd yerlərimizdə xalqımıza qarşı amansız qətliamlar törədiblər. Konqres sədri aradan bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların xalqımıza yönəlik soyqrım aktına hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirib.
Erməni daşnaklarının 95 il bundan öncə Azərbaycanda törətdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov bu gün də erməni vəhşiliyinə göz yuman beynəlxalq hüquq və məhkəmə institutlarını haqqa və ədalətə səsləyib. Məmmədov qeyd edib ki, dünya birliyi vaxtında ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqrim və işğalçılıq siyasətnə qiymət verməsə gələcək nəsillər qarşısında bu qanlı cinayəti törədənlər qədər məsuliyyət daşıyacaq.
Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bildrib ki, ermənilər xalqımıza qarşı törətdikləri soyqrım siyasətinə görə dünya azərbaycanlıları qarşısında cavab verəcəklər. Tahirov 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 31 Mart Azərbaycanlıların Soyqrım Gününə hüquqi siyasi qiymət verilməsinin tarixi əhəmiyyətindən danışıb.