Uşaq hüquqları üzrə Azərbaycan QHT alyansı alternativ hesabat hazırlamışdır

Uşaq hüquqları üzrə Azərbaycan QHT alyansı alternativ hesabat hazırlamışdırOktyabrın 26-da “Park İnn-Azərbaycan” mehmanxanasında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı “Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasına dair vətəndaş cəmiyyətinin və uşaq hüquqlarının vəziyyəti ilə bağlı alternativ hesabat” mövzusunda “dəyirmi masa” keçirmişdir.

“Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev demişdir ki, artıq ikinci dəfədir BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı alternativ hesabat təqdim edirik. 2005-2009-cu illəri əhatə edəcək budəfəki hesabatı alyansa daxil olan 80-ə yaxın QHT və müxtəlif dövlət qurumları birgə hazırlamışdır.

Alyansın işçi qrupları uşaqların mövcud vəziyyəti ilə bağlı hesabatı hazırlayarkən müxtəlif bölgələrdə seminarlar, treninqlər keçirmişlər. Bu hesabatda hüquq pozuntusuna yol verən, cinsi və fiziki zorakılığa məruz qalan, tərbiyə müəssisələrini tərk edən, əlilliyi olan uşaqlarla bağlı ölkəmizdə həyata keçirilən islahatlar, real vəziyyət və mövcud problemlər öz əksini tapmışdır. Aparılmış araşdırmalar deməyə əsas verir ki, Azərbaycanda uşaq müdafiə sisteminin gücləndirilməsinə ciddi ehtiyac vardır.

Natiq bildirmişdir ki, bu məsələ Bakıda keçirilən “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfransda da qaldırılmışdır. Konfransda uşaqların müdafiəsi mexanizmi, uşaqların dövlət müəssisəsinə təyin edilməzdən əvvəl ailənin vəziyyətinin qiymətləndirilməsinin zəruriliyi, sağlamlığı məhdud uşaqların internat məktəblərinə və uşaq evlərinə verilməsi prosedurunun daha təkmilləşmiş metodologiya əsasında aparılması və digər məsələlərlə bağlı müxtəlif təkliflər səsləndirilmişdir. Bizim hesabatımızda bu və digər məsələlər öz əksini tapmışdır.

Bildirilmişdir ki, Azərbaycan hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi artıq BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə hesabat təqdim etmişdir. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı isə noyabrın sonlarında quruma alternativ hesabat göndərəcəkdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO