Şuşa və Xocalının TÜRKSOY-un mədəniyyət paytaxtı olması təklif edilir

Millət vəkili Qənirə Paşayeva Ankaranın Qazi Universitetində çıxışı zamanı Ermənistanın işğalı altında olan Şuşa və ya Xocalı şəhərinin TÜRKSOY-un 2015-ci ildə mədəniyyət paytaxtı elan olunmasını təklif edib. Bu barədə Trend-ə millət vəkili Qənirə Paşayeva özü məlumat verib.
Ankaranın Qazi Universitetində Xocalı soyqırımı ilə bağlı təşkil edilən konfransda çıxış edən Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə çatdırmaq və bütün dünyanın Xocalı soyqırımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib. O, Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib.
“Ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq”, – Paşayeva deyib.
2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə erməni lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Ermənistanın işğalı altında olan və qədim mədəniyyət beşiklərimizdən olan Xocalı və ya Şuşa şəhərinin 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan olunmasını təklif edib.
Onun sözlərinə görə, Xocalı soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq, bu soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən biri olduğunu bildirib.
Paşayevanın fikrincə, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadoluda, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözü qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlardan, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma “erməni soyqırımı” ilə bağlı qərarlar qəbul edirlər. Onun fikrincə, bu yalanların qarşısının alınmasının tək yolu birgə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdan ibarətdir.
“Qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub yaşamasından asılı olmayaraq, bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – millət vəkili əlavə edib.
Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən Paşayeva bütün türk gəncliyini tarixinə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO