“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tələbələr arasında “Dövlət rəmzlərimizi Sevək və Sevdirək” adlı silsilə tədbirlərindən birini Bakı Avrasiya Universitetində keçirib.
İnstitutdan cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmiz müstəqilliyini qazandıqdan sonra dövlət rəmzlərimizin də bərpa olunduğu, bu sahədə ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Digər çıxış edənlər də milli-mənəvi sərvətlərimizdən olan dövlətçilik atributlarımız – bayrağımız, gerbimiz və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə tələbələrə ətraflı məlumat veriblər.
Bildirilib ki, dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir.
Qeyd edilib ki, dövlət rəmzlərimiz hər bir azərbaycanlı üçün əziz və doğma olmalı və onları qorumaq və hörmətlə yanaşmaq hər kəsin borcudur. Tədbirdə dövlətimiz tərəfindən rəmzlərimizə yüksək qiymət verildiyi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edildiyi nəzərə çatdırılıb. Tədbirdə dövlət rəmzlərimiz barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Sonda tələbələr TUMİB tərəfindən diplomla təltif olunublar.