Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk Bakı sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) bu ilin sentaybrında Bakıda keçiriləcək ilk sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər. “Sessiyanın gündəliyi və müzakirə olunacaq məsələlər ümumi toplantının ilk iclasında müəyyənləşdiriləcək. Dağlıq Qarabağ məsələsinin də gündəliyə salınması mümkündür”, – çərşənbə günü Trend News-a TÖPA-nın Azərbaycandan olan nümayəndə heyətinin üzvü, millət vəkili Nizami Cəfərov bildirib.

Trend News-un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Cəfərovun sözlərinə görə, Türkmənistan və Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına qoşulmağa razılıq verməyiblər. “Bu ölkələrdən hələ normal bir cavab gəlməyib. Hələlik danışıqlar dörd dövlət arasında aparılır. Türkmənistan və Özbəkistanın da bu quruma qoşulacağına ümid var”, – millət vəkili deyib.

Trend News-un arayışı: Türkdilli dövlətlərin parlament sədrlərinin ötən il İstanbulda keçirilən toplantısında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖPA) yaradılması barədə razılıq əldə olunmuşdu. TÖPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Özbəkistan və Türkmənistan toplantıda iştirakdan imtina etmişdilər. Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk sessiyasının bu il sentyabrın sonunda Bakıda keçirilməsi gözlənilir.

Cəfərov bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yanında Parlament Jurnalistləri Assosiasiyası yaranma ərəfəsindədir. “Əgər Türkmənistan və Özbəkistanın parlamentariləri Parlament Assableyasının ilk Bakı sessiyasında iştirak etməsələr, tədbirə bu ölkələrin parlament jurnalistləri dəvət oluna bilər. Hazırda bu məsələ üzərində iş gedir”, – Cəfərov deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO