Ötən həftə 564 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozub.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-dən 12-ə qədər Bakı şəhərində, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 564 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 71 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır.
Bundan başqa, 468 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 21 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir. Həmçinin 4 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunmuşdur.
Ümumiyyətlə, həftə ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1670 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 9746 nəfər əcnəbinin müraciəti qeydə alınmışdır.
Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 5 sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 3 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin bu istiqamətdə tədbirləri davam etdirilir.