“Təhlükəsiz Yol” Alyansının Bəyanatı

Bu gün, 31.08.2012-ci il tarixində Qaradağ rayonu ərazisində 124 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu ilə Bakıdan Ağstafaya gedən sərnişin qatarı toqquşdu. Yekun rəsmi məlumat hələki açıqlanmasa da müxtəlif mənbələrin bildirdiyinə görə 10 – dan artıq insan dünyasını dəyişmiş, çoxsaylı insan ağır bədən xəsarətləri almışlar. Qeyd edək ki, bu fakt Bakı şəhərində ilk hadisə deyil, ötən ilin noyabr ayında da analoji hadisə baş vermiş, avtobusla qatarın toqquşması nəticəsində sürücünün iki ayağı amputasiya edilmiş, sərnişinlər ağır xəsarət almışdılar. Bir sıra məsul dövlət qurumlarının, eləcə də “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin açıqlanmasında deyilir ki, hadisənin baş verməsinə səbəb sürücü tərəfindən «Yol hərəkəti haqqında» qanunun tələblərinin pozulması olub.
“Təhlükəsiz Yol” Alyansı olaraq bu hadəsinin günahkarlarının tezliklə cəzalandırılmasını tələb edirik. Hesab edirik ki, bu və digər analoji hadisələrin baş verməsinə səbəb yalnız sürücünün qanunun tələblərini pozması deyil. Bu hadisənin günahkarları belə səriştəsiz və məsuliyyətsiz sürücünün işə götürülməsinə nəzarət edən, ona 10-larla insanın həyatını etibar edən, 10-larla insanı daşıyacaq sürücü hüququ verən və sair bu sahəyə məsul qurumlar, bu qurumların səlahiyyətli şəxsləridir.
Bildiyiniz kimi, “Təhlükəsiz Yol” Alyansının təsis edilməsinin səbəbi ölkəmizdə yol qəzalarının və bu qəzalarının qurbanlarının dəhşətli statistikası oldu. Biz 12 qeyri-hökümət təşkilatı, vətəndaş cəmiyyəti qurumları olaraq bu Alyansı yaratdıq və bununla da yol qəzalarını yaradan səbəblərin aradan qaldırılması istiqamətində işlərin görülməsi zəruriliyinin həyəcan təbilini çaldıq. Öncəki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi bizim bütün əməkdaşlıq cəhdlərimizə reaksiya vermədi. Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi ilə bir sıra görüşlər keçirilsə də konkret iş görülməsi məqamı yetişdikdə ictimai sektorla əməkdaşlıqdan boyun qaçırıldı – tərəfimizdən hazırlanmış əməkdaşlıq memorandumun imzalanması reallaşmadı. Adı çəkilən memorandum özündə DYP ilə Alyansın birgə fəaliyyət istiqamətlərini, habelə avtomobillərin texniki baxışı, sürücülük vəsiqələrinin verilməsi prosesinin monitorinqini – bu sahəyə ictimai nəzarəti ehtiva edirdi.
“Təhlükəsiz Yol” Alyansı olaraq bəyan edirik ki, ölkəmizdə yol qəzalarının qarşısının alınması istiqamətində bu sahəyə məsul olan dövlət qurumların işi intensivləşdirilməli, bu qurumlar arasında əlaqələndirmə aparılmalı, bu qurumların ictimai sektorla əməkdaşlığı qurulmalı, bu sahəyə ictimai nəzarət üçün şərait yaradılmalıdır.

Mətbuat xidməti
31.08.2012

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO