İtaliyanın nüfuzlu “Messacero” qəzetinin əlavəsi olan “Kronaka di Roma”nın 7 mart tarixli nömrəsində Romada “Bakıya uçuş” sərgisinin açılışına həsr olunmuş məqalə dərc edilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Jurnalist Roberta Petroniyanın “Yüz əsər. “Maxxi”də Azərbaycana həsr olunmuş “Bakıya uçuş” sərgisinə gələn çoxlu sayda insan. İncəsənət yüksəlişdə” sərlövhəli məqaləsində vurğulanır ki, incəsənət, heç şübhəsiz, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın vizit kartıdır. Məqalədə deyilir: “Azərbaycanın incə zövqə malik birinci xanımı şəhərimizin ritminə uyğun gələn o böyük tabloda yeni zirvə fəth etmək üçün qayıdıb. Bu tablonun mərkəzində həmişə onun ölkəsi və paytaxtı nümayiş etdirilir. Birinci sırada həmişə öz müasirliyi və səmimiliyi ilə seçilən o, – Heydər Əliyev Fondunun prezidenti öz qızı ilə – Moskvada siyasət və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb, illüstrasiyalı “Baku” jurnalının baş redaktoru, Fondun vitse-prezidenti və ilk növbədə rəssam olan Leyla Əliyeva ilə yanaşı dayanır.
Leylanın kağız üzərində qrafika üslubunda çəkdiyi “Kölgə” əsəri dünən Maxxi kompleksinin D salonunda açılmış “Bakıya uçuş” sərgisinin ümumi mənzərəsi fonunda seçilir. Musiqi, xalq yaradıcılığı və arxeologiyadan sonra növbə Azərbaycan incəsənətinə çatıb: iyirmi bir rəssam öz əsərlərini nümayiş etdirib. Bu əsərlər Berlin, Moskva və Londonda təşkil edildikdən sonra Romaya gəlib və daha sonra Vyanaya üz tutacaq bu mobil sərgidəki heykəltəraşlıq kompozisiyaları və videomateriallar ilə müşayiət olunub”.
Sərginin müvəffəqiyyət qazandığını vurğulayan müəllif yazır: “Mehriban və Leyla Əliyevalar həmin axşam Quido Reni küçəsinə gəldilər və Maxxi Fondunun prezidenti Ciovanna Melandri, Maxxinin incəsənət üzrə direktoru Anna Mattirolo və arxitektura üzrə direktoru Marqarita Quççiona tərəfindən qəbul edildilər.
Parterdə kolleksiyaçılar və Roma ictimaiyyətinin elitası – prodüserlər Pyetro Valsekki, Kamilla Nesbitt, Lamberto Dini, Maddalena Letta, incəsənət tarixçisi Klaudio Strinati və xanımı Annaroza Mattey, Franko Tato və Sonya Raule, Alessandro Çerazi Barillari və nəhayət, stilist Renato Balestra toplaşmışdılar. Teatr və kino dünyasını rejissor Corcio Ferrara, Ornella Muti, Karolina Kreşentini, Pamela Villorezi, habelə Rodolfo Korsato, Klaudiya Dzanella, İvano de Matteo, Entso Monteleone, Çeçiliya Dzanuso, Toni Trupiya və Françesko Fiqus kimi bir çox başqa aktyor və aktrisalar təmsil edirdilər”.
İtaliya jurnalisti daha sonra yazır: “İlkin nümayişin bütün qonaqları üçün qırmızı və ağ şərab, habelə muzeyin düz həyətində, sobada kömür üzərində hazırlanmış təzə pitssa birlikdə apperitiv təşkil edilmişdi. Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi tərəfindən Sent-Recisdə böyük zövqlə təşkil edilmiş qəbul gecənin davamı olub.
Qəbula gəlmiş yüz əlli dəvətli beşulduzlu hotelin binasına daxil olub: onları canlı musiqi, çiçəklər və şamlar qarşılayıb.
Qonaqları birinci xanım Mehriban Əliyeva və Azərbaycanın Romadakı səfiri Vaqif Sadıxov salamlayırdılar. İtaliya mətbəxi şərəfinə bizim təamlar təklif edilmişdi: brezaola (mal ətindən basdırma) və kaprino (keçi əti), öz dərisində bişirilmiş lavrak balığı və əla növ şərablar.
Gecədə iştirak edənlər arasında Azərbaycanın tanınmış simaları, beynəlxalq incəsənət əsərlərinin kolleksiyaçıları, akademik dairələrin və İtaliya mədəniyyətinin nümayəndələri, habelə Emin Məmmədov ilə birlikdə sərginin kuratoru Erve Mikaeloff olub”.