Standartlaşdırma Komitəsinin laboratoriyasının sınaq protokolları Aİ ölkələrində tanınacaq


Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ərzaq məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub. Bu barədə Trend-ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, SMPDK-nın Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası DAkkS tərəfindən akkreditasiya olunub.
DakkS mütəxəssislərinin sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilib, bütün növ ərzaq məhsullarının sınağının ISO/IEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edilib.
Bundan başqa, DakkS AzTEST-in laboratoriyasında bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirib, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib.
Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilir. Belə ki, komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşməyəcək, ixrac imkanları genişlənəcək, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait yaranacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO