İsrailin Afula şəhərində Xocalı dəhşətlərini əks etdirən səyyar foto-sərgi açılıb

Xocalı faciəsini əks etdirən səyyar foto-sərgi İsrailin müxtəlif yerlərində sərgilənməyə davam edir.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) Heydər Əliyev Fondunun və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının, eləcə də Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə bu foto-sərgini ilk olaraq bu ilin fevralında Tel-Əviv Universitetinin Diaspora Muzeyində təşkil edib. Assosiasiyadan APA-ya verilən məlumata görə, Xocalı soyqırımını əks etdirən fotolar aprelin 11-dən etibarən ölkənin şimalındakı Afula şəhərində də sərgilənməyə başlayıb.

“Beyt Poznak” Mədəniyyət Mərkəzində təşkil olunan sərginin açılışında Afula şəhər meri Avi Elkabets, onun müavini, ictimai təşkilatların rəhbərləri, müxtəlif icmaların nümayəndələri və jurnalistlər iştirak edib.

Tədbiri açan “Azİz” yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Dağlıq Qarabağ münaqişəsi və Xocalı dəhşətləri haqqında məlumat verib.

Mer A. Elkabets çıxışında Xocalı faciəsi ilə əlaqədar öz dərin kədərini və qəzəbini ifadə edib.

Afula sakini Tofiq Əlibəyovun çıxışı böyük marağa səbəb olub. O, Dağlıq Qarabağ müharibəsində oğlunun şəhid olduğunu iştirakçıların nəzərinə çatdırıb.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının direktoru Lev Spivak tədbirdə iştirak edən şəxslərə və Afula şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

Sərgi aprelin sonuna qədər davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO