İsraildə Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilir

Xocalı səyyar fotosərgisinin növbəti dayanacağı İsrail olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəni əks etdirən səyyar sənədli fotosərginin növbəti dayanacağı İsraildir. Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kampaniyasının dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası, eləcə də Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu səyyar sənədli fotosərgini ilk dəfə bu ilin fevral ayında Tel-Əviv Universitetinin Diaspora muzeyində təşkil edib. İndi isə ekspozisiya İsrailin Afula şəhərinə aparılıb. Dəhşətli günləri əks etdirən fotoların nümayişi “Beyt Poznak” Mədəniyyət Mərkəzində keçirilir.
Sərginin açılışında Afula şəhərinin meri Avi Elkabets, onun müavini Borius Yudis, eləcə də ictimai təşkilatların rəhbərləri, müxtəlif xalqların təmsilçiləri, şəhər əhalisi və jurnalistlər iştirak edib.
“AZİZ” assosiasiyası nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbiri açıq elan edərək Dağlıq Qarabağ münaqişəsi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər haqqında danışıb.
Afula meri Avi Elkabets Xocalı faciəsi haqqında məlumata və onun rəhbərlik etdiyi şəhərdə açdığı fotosərgiyə görə “AZİZ” assosiasiyasına təşəkkür edib.
Afula şəhər merinin müavini Boris Yudis bu şəhərdə və ümumiyyətlə İsraildə Azərbaycan təşkilatlarının aktivliyini xüsusi qeyd edib. Doktor Yudis bildirib ki, AZİZ İsraildə ən nüfuzlu və fəal ictimai təşkilatlardan biridir.
Afula şəhərinin sakini Tofiq Əlibəyov isə çıxışında oğlunun Dağlıq Qarabağda erməni hərbçiləri tərəfindən öldürüldüyünü xatırladıb və həmin günlərə qayıdıb. Tədbir iştirakçıları həmşəhərlilərinin ağır itkisini ürək ağrısı ilə dinləyiblər.
İsrail-Azərbaycan Assosiasiyasının baş direktoru Lev Spivak iştirakçılara və Afula şəhərinin rəhbərliyinə daimi diqqət üçün təşəkkür edib.
Fotosərgi aprelin sonunadək davam edəcək

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO