Son 10 ildə Bərdə rayonuna qoyulmuş investisiyaların həcmi 6,4 dəfə artıb

“2003-cü illə müqayisədə rayona qoyulmuş investisiyaların həcmi 6,4 dəfə artmışdır. Müasir texnologiyalar əsasında yeni iri müəssisələr olan ət kəsimi müəssisəsi, broyler fabriki, çörək zavodları, cins heyvandarlıq kompleksləri, taxıl terminalları, soyuducu anbarlar və gübrə bazası inşa edilərək istifadəyə verilmişdir. Burada və digər yeni müəssisələrdə doqquz minə yaxın insan daimi iş yeri əldə etmişdir”. Trend-in məlumatına görə, bunu Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.
İcra başçısı deyib ki, rayonda irihəcmli infrastruktur layihələri həyata keçirilmiş, 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 kilometr uzunluğunda Alpoud-Nazırlı kəndlərarası yol tikərək istifadəyə verilmişdir.
“2003-cü ildən bəri Bərdədə 18 minə yaxın yeni iş yerləri açılmışdır. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı altı dəfə artaraq 6 min 700-ə çatmışdır.
Aqrar sahədə görülmüş işlər, torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, müasir texnologiyalardan istifadə edilməsi, iri ixtisaslaşmış təsərrüfatların yaradılması nəticəsində 2012-ci ildə hər hektardan 4,2 sentner çox buğda götürülmüş, heyvandarlıq və quşçuluq məhsulları istehsalı orta hesabla 3,2 faiz artmışdır. Bununla da bu sahədə çalışan insanların rifahının yaxşılaşması üçün zəmin yaradılmışdır”, deyə Vidadi İsayev bildirib.
Onun sözlərinə görə, şəhərdə 30 kilometr yeni su xətləri çəkilmiş, su anbarı əsaslı bərpa olunmuş, kənd ərazilərində yeni subartezian quyuları qazılmışdır. Rayon mərkəzi və 11 kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, hava xətləri kabelləşmiş, rayonda qazlaşdırmanın səviyyəsi 78 faizə çatdırılmışdır. 2013-cü ildə rayonun 110 kəndinin əksəriyyəti demək olar ki, qazlaşdırılıb başa çatdırılacaqdır.
Əhalini təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə narahat edən məsələlərin həlli daim diqqət mərkəzində olmuş, təkcə 2012-ci ildə yeni 6 ümumtəhsil və musiqi-incəsənət məktəbi, iki tibb məntəqəsi tikilmiş, 4 ümumtəhsil məktəbi, iki uşaq bağçası, mərkəzi xəstəxana və 16 çoxmərtəbəli yaşayış binası əsaslı təmir edilmişdir.
İcra başçısı bildirib ki, bu gün Bərdədə yeni məktəblər, Gənclər Mərkəzi, Mədəniyyət sarayı, inzibati binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilir, şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur, yeni parklar salınır. XIV əsrə aid Bərdə türbəsi, VI əsrə aid Torpaqqala kompleksində bərpa işlərinə başlanılmış, şəhərin ərazisindən keçən Tərtər çayında sahilbərkitmə işləri aparılır.
Təsadüfi deyil ki, son iki ildə vaxtı ilə Bakıya köçmüş 37 ailə rayona qayıtmışdır və bu tendensiya davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO