Süleymanova sonuncu məruzəsini Prezidentə təqdim etdi

Bu gün Ombudsman Elmira Süleymanova “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2008-ci il üzrə illik məruzəsini Azərbaycan Prezidentinə və Milli Məclisə təqdim edib.

Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müvəkkilin illik məruzəsi Konstitusiya ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurora da göndərilir.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə qəzetdə, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və digər mətbu orqanlarda dərc olunacaq.
İllik məruzədə Müvəkkilin Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzə bu günlərdə Milli Məclisin iclasında dinləniləcək.

Qeyd edək ki, Konstitusiyanın 14-cü maddəsinə əsasən, cari il bitdikdən sonra iki aydan gec olmayaraq Prezidentə və Milli Məclisə təqdim olunmalıdır.

Elmira Süleymanovanın bu il Ombudsman kimi səlahiyyətinin bitdiyini nəzərə alsaq bu, onun sonuncu illik məruzəsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO