Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu RF Dövlət Dumasının sədri Sergey Narışkin Moskvada Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşü zamanı deyib.
S.Narışkin qeyd edib: “Əminik ki, biz parlamentarilər bu işə öz töhfəmizi əlavə edə bilərik”.
Onun sözlərinə görə, parlamentlərarası qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında mövcud olan böyük siyasi dialoqun bir hissəsidir: “Parlamentlərarası qarşılıqlı fəaliyyət bütün sahələrdə – siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq üçün belə rahat ab-hava yaradır”.
O.Əsədov bildirib ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. “Əminəm ki, belə səfərlər, görüşlər parlamentlərarası əlaqələri inkişaf etdirməyə imkan verir”.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri artıq strateji tərəffdaşlıq səviyyəsinə yüksəlib.
Spiker xatırladıb ki, iyunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfərləri planlaşdırılır.