Serbiya Prezidentinin xanımı Heydər Əliyev Mərkəzində olub

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri çərçivəsində xanımı Dragitsa Nikoliç fevralın 8-də Heydər Əliyev Mərkəzində olub.

Dragitsa Nikoliçə gül dəstəsi təqdim edilib.

Serbiya Respublikasının birinci xanımına dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin və ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir.

Qeyd edilmişdir ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz 2012-ci il mayın 10-da – ulu öndər Heydər Əliyevin doğum günündə açılmışdır. Mərkəz 16 hektar ərazidə yerləşir. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Beynəlxalq səviyyədə nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir.

Serbiya Respublikasının birinci xanımı Dragitsa Nikoliçin diqqətinə çatdırılmışdır ki, ulu öndərin tükənməz irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində rəsmi qəbullar, müxtəlif beynəlxalq səviyyəli konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edilmişdir ki, Mərkəzin açılışından sonra burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbirlər keçirilmişdir.

Serbiya Respublikasının birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan zəngin təəssüratla ayrılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO