Şahin Camalov: Nəqliyyat Nazirliyinin müfəttişlərinə bu hüququ kim və niyə verib?

Neçə vaxtdır Nəqliyyat Nazirliyinin müfəttişləri barəsində ictimaiyyətdə mənfi rəy mövcuddur. Məsələ ondadır ki, sözügedən qurumun müfəttişləri ilə sürücülər arasında dəfələrlə qalmaqallar yaşanıb.
Bir neçə dəfə sözügedən müfəttişlər sürücülərə güc tətbiq edib və məsələ məhkəmə müstəvisinə qədər gedib çıxıb. Görürsən ki, müfəttişlər mülki geyimdə avtomobilə oturur və müəyyən yoxlamalar aparır. Məsələn, bu günlərdə həmin müfəttişlər maşına oturaraq sürücüdən onları da hərəkət etdiyi istiqamətə aparmalarını xahiş edib. Avtomobilə əyləşəndən sonra isə bu şəxslər Nəqliyyat Departamentinin əməkdaşları olduqlarını deyərək, sürücüdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan sənədləri tələb ediblər. Tərəflər arasında mübahisə yaranıb və s.
Ümumiyyətlə, NN müfəttişlərinin belə bir yoxlamalar aparması qanunidirmi? Sözügedən işin NN müfəttişləri tərəfindən həyata keçirilməsi nə dərəcədə düzgündür? Əslində bu işi hansı orqan yerinə yetirməlidir?
Məsələyə münasibət bildirən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalovun sözlərinə görə, bu cür yoxlamaların aparılması qanunauyğun deyil: “Ümumiyyətlə, NN müfəttişlərinin gördüyü işlər tamamilə qanunaziddir. Heç bir halda qanuna söykənməyən hərəkətlərdir. Görürsən ki, avtomobil sahibinin sürücülük vəsiqəsini alırlar, avtomobilin nömrəsini açırlar, avtomobili zorla əlindən alırlar və s. Bu cür hallar tamamilə qanunsuzdur. Digər tərəfdən görürsən ki, NN müfəttişləri uniformasız reydlər aparırlar.
Bilmirsən bu rəsmi işçidir, yoxsa hansısa cinayətkar!? Belə yoxlamaların NN müfəttişləri tərəfindən aparılması tamamilə qanunazidd hərəkətlərdir. Fikrimcə, hüquq-mühafizə orqanları bununla bağlı ölçü götürməlidirlər.
Yaxşı olardı ki, bu səlahiyyətlər Dövlət Yol Polisinə verilsin. Neçə illərdir DYP fəaliyyət göstərir və heç kəsin avtomobilini zorla əlindən almır”.
Vidadi ORDAHALLI

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO