Rövşən Rzayev: Dövlətin xüsusi nəzarəti olmadan kimsə xalq diplomatiyası ilə bağlı heç bir addım atmamalıdır

Dövlətin xüsusi nəzarəti və yanaşması olmadan kimsə xalq diplomatiyası ilə bağlı heç bir addım atmamalıdır. Məsələyə “mən erməni ilə dostluq edirəm”, “mən erməni ilə ünsiyyətdə olacağam”, “mən erməni ilə xalq diplomatiyası qururam” fikri ilə yanaşma Azərbaycanın bu gününə və gəcələyinə ziyan verəcək böyük bir zərbədir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Şuşanın ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.

Millət vəkilinin fikrincə, xalq diplomatiyası vacib haldır. “Dağlıq Qarabağın Azərbaycanlı İcması da Dağlıq Qarabağın erməni icması ilə görüşlərə nail olmaq istəyir: “Nəyə görə? Ona görə ki, dünya ictimaiyyəti və Dağlıq Qarabağ erməniləri başa düşməli, görməlidirlər ki, Dağlıq Qarabağdakı hazırkı rejim sadəcə bir icmadır. Bu heç də dövlət və ya bir qurum deyil. Dağlıq Qarabağın erməni icmasının sədri ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri bir araya gəlməlidir. Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və hər iki icma Azərbaycanın tərkibində, Dağlıq Qarabağda yaşayacaq. Bu icmalar öz aralarında ünsiyyət forması tapa bilsələr, bəlkə də böyük sülh müqaviləsinə öz töhfələrini verə bilərlər. Bu istiqamətdə biz bu gün də işimizi davam etdiririk. Mən inanıram ki, qarşı tərəfdən də belə insanlar tapıla bilər. Hərçənd, indiki rəhbərliyin konstruktiv mövqeyə gəlməsi çətin məsələdir. Ona görə ki, onlar bu işğalın birbaşa iştirakçısıdırlar, cinayətkardırlar və vaxt gələcək, onlar Azərbaycan qanunları ilə məsuliyyətə cəlb ediləcəklər”.

Bu baxımdan İcmanın azərbaycanlı üzvü hesab edir ki, xalq diplomatiyası istiqaməti Azərbaycan üçün çox önəmlidir. Lakin bu sahədə özfəaliyyətçilik yolverilməzdir və dövlətimizə böyük ziyan vura bilər: “Məsələn, Leyla Yunus və başqalarının özfəaliyyəti, onların bilmədən qarşı tərəfin xüsusi xidmət orqanlarının əməkdaşları ilə işləməsi, xalq diplomatiyası adı altında müxtəlif qrantların yeyilməsi yolverilməzdir. Bu işlərlə gündəlik məşğul olan kimi bilirəm ki, bu vəsaitlər hansı mənbədən əldə olunur. Bu kimi hallar işimizə, Azərbaycanın siyasətinə, onun ən böyük probleminin həllinə maneçilik törədir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO