2014-2015-ci illərdə regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi mümkün olacaq. Trend xəbər verir ki, bu barədə jurnalistələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.
Azərbaycanın regionlarında dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsinin təşkil edilməsi üzrə işlər davam edir.
“Biz istəyirik ki, bunu regionlarda da təşkil edək ki, vətəndaşlar Bakıya imtahan verməyə gəlməsinlər. Biz bunun 2014-2015-ci illərdə həyata keçirilməsini planlaşdırırıq”, – komissiyasının sədri açıqlayıb.
Hazırda Dövlət Qulluğu Məcəlləsinin hazırlanması üzrə iş aparılır. Məcəllənin 2014-cü ilədək hazırllanması məsələsi dövlət proqramında da öz əksini tapıb. İlkin layihə işçi qrup tərəfindən artıq təqdim olunub. Bu yaxınlarda həmin layihənin ictimai müzakirəsi aparılıb.
“Hazırda müzakirələrdən sonra təklif, irad və rəyləri gözləyirik və bu iş davam edəcək. Hesab edirəm ki, biz 2014-cü ilədək layihənin son variantını hazırlayacağıq. Ümumiyyətlə, məcəllənin hazırlanmasında qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə də diqqət yetirəcəyik”, Xəlilov qeyd edib.