Regional əməkdaşlıq gücləndirilməlidir

Regional əməkdaşlıq gücləndirilməlidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclası çərçivəsində keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda sessiyaya yekun vurarkən bəyan edib.
“Bizə sabitlik lazımdır, iqtisadi və siyasi əlaqələri genişləndirməliyik, çünki biz bir-birimizə bağlıyıq. Təkcə ona görə yox ki, bir çox onilliklər ərzində vahid ölkədə yaşamışıq, həmçinin ona görə ki, regionumuzun – Mərkəzi Asiya və Qafqaz regionunun uğurlu inkişafı yalnız sıx əməkdaşlıq əsasında mümkündür”, – Prezident qeyd edib.
İlham Əliyev qeyd edib ki, bu, sadəcə sözlər deyil və artıq regional əməkdaşlıq layihələrini inkişaf etdirmək üçün olduqca çox şey edilib.
Prezident Azərbaycanın nümunəsində enerji, nəqliyyat və ticarət sahəsində münasibətlərin ölkənin inkişaf etməsində kömək etdiyini bildirib.
Prezidentin fikrincə, Azərbaycan regional əməkdaşlıq olmadan karbohidrogen resurslarını ixrac edə, qonşuları və dostları üçün Xəzərdə tranzit ölkəsinə çevrilə bilməzdi.
“Bununla da regional əməkdaşlıq gücləndirilməlidir və hər bir ölkə özü əməkdaşlıq və inteqrasiyanın səviyyəsini müəyyənləşdirməlidir”, – İlham Əliyev bildirib.
Prezident, həmçinin hesab edir ki, inteqrasiya və əməkdaşlıq arasında rəqabət olmamalıdır.
“Əgər hər bir ölkə özü üçün inteqrasiyanın səviyyəsini, həmçinin müxtəlif strukturlarda iştirak səviyyəsini müəyyənləşdirsə, digərləri isə onun haqqını tanısa, biz yaxşı tərəqqiyə nail olacağıq”, – İlham Əliyev deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO