İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur – BMT-nin baş katibi Pan Gi Mun

Trend News-un Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla eksklüziv müsahibəsi:

– Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Daqlıq Qarabağ regionunun azad olunması üzrə 4 qətnaməsini yerinə yetirməyib. Fikrinizcə, təşkilat çərçivəsində problemin nizamlanmasının yeni mexanizmlərinə müraciət etməyə dəyərmi?

– BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb edilməyib. Burada aparıcı rol Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına aiddir və bu münaqişə ilə bağlı sualları məhz ATƏT-ə ünvanlamaq lazımdır.

– Əfqanıstan 2010-cu ildə də BMT-nin prioriteti olaraq qalır. Siz yanvarın əvvəlində hərbi komponentlə vətəndaş komponentinin yerini dəyişərək “keçid strategiyası”nın tətbiqinin zəruriliyini vurğuladınız. ABŞ-ın Əfqanıstanda hərbi iştirakın gücləndirilməsinin əhəmiyyətini nəzərdə tutan “yeni strategiyası” ilə yanaşı, bu təşəbbüsün reallaşdırılmasını necə görürsünüz?

– Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq strukturların koordinasiyasının gücləndirilməsinə zərurət var. Mənim xüsusi nümayəndəmin beynəlxalq vətəndaş cəhdlərinin əlaqələndirilməsinə görə məsuliyyət daşımasına baxmayaraq, BMT-nin Əfqanıstana yardım üzrə Missiyasının lazımi təcrübəyə sahib olan, əsas donor ölkələrin hökumətləri və Kabul səfirliyi ilə danışıqlar aparmağa qadir olan əməkdaşların hesabına gücləndirilməsi lazımdır.

Bununla əlaqədar olaraq mənim şəxsi nümayəndəm də hesab edir ki, İSAF çərçivəsində yüskək mülki vəzifəli şəxslərin təyin edilməsi siyasət və inkişaf sahəsində səylərin koordinasiyasının yaxşılaşmasına kömək edir.

Vətəndaş səylərinin koordinasiyasının gələcəkdə yaxşılaşması üçün vətəndaş strukturlarının davamlılığı Əfqanıstan hökuməti və beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrdə gözdən keçirilir. Belə strukturlar yaradılarkən onların həmsədrləri əfqanıstanlı nazir və mənim xüsusi nümayəndəm olmalıdır. Burada İSAF, Avropa İttifaqı, Dünya Bankı və əsas donor ölkələrin qüvvələri iştirak etməlidirlər.

– Son iki ildir ki, Fələstin-İsrail danışıqlarında irəliləyiş yoxdur. Siz BMT-nin də daxil olduğu Yaxın Şərq dördlüyünün sülh prosesinin irəliləməsi üçün səylərini yetərli hesab edirsinizmi? Sülh dialoqunun yenidən başlanması üçün hansı addımları atmaq vacibdir?

– Beynəlxalq ictimaiyyət Fələstin-İsrail sülh danışıqlarının yenidən başlanması üçün intensiv səylər göstərir. Mən ABŞ-ın israillərin və fələstinlilərin təhlükəsizliyi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər, həmçinin Fələstin köçkünlərinin və Qüdsün statusu kimi məsələlərin qəti həlli üzrə danışıqların bərpa edilməsi üçün səylərini dəstəkləyirəm.

Danışıqların aparılmadığı bir vaxtda ölkələr arasında etibar azalıb. Şərqi Qüdsdə gərginlik artıb. Qəzza sektorunda və İsrailin cənubundakı əhali əvvəlki kimi zorakılıqdan əziyyət çəkir. Hesab edirəm ki, yaxın zamanlarda siyasi prosesdə irəliləməsək, geriyə çəkilməyə risk edirik.

– Siz İsrail və Hizbullahın yeni müharibəyə başlaması təhlükəsinin davam etdiyini nəzərə alaraq, Livan üzrə 1701 saylı qətnamənin icrasını necə qiymətləndirirsiniz?

– Ümid edirəm ki, 1701 saylı qətmanəyə bütün tərəflər əvvəlki kimi riayət edəcəklər. Mənim Livan üzrə xüsusi koordinatorum Maykl Uilyams tərəflərin qətnamənin həyata keçirilməsi üzrə fəaliyyətə davam etdiklərinə əmin olmaq üçün vəzifəli şəxslərlə əlaqə saxlayır. Qətnamə son illər ərzində uğurla həyata keçirilir.

– İranda fəal etirazçılarla amansız münasibət insan haqları üzrə beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilib. BMT İranda insan haqlarının müdafiəsi üçün hansı addımları atır? İran hökuməti ilə bununla bağlı hər hansı müzakirələr aparılırmı?

– Mən İran hakimiyyətini dəfələrlə vətəndaş və siyasi haqlara, xüsusilə də söz azadlığına, sərbəst toplaşma və sərbəst informasiya haqlarına hörmət etməyə çağırmışam.

İrandakı vəziyyət beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur. Buna görə də mən İran hökumətini və İran müxalifətini öz fikir ayrılıqlarını qanuni vasitələrlə və dialoq yolu ilə nizamlamağa çağırıram.

Mənin insan haqları üzrə ali komissarım Navi Pilley də hökumətin fəallarla münasibətindən ehtiyatlandığını bildirərək, İrandakı vəziyyəti izləməkdə davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO