Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.
Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olundu.