Prezident İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, köhnə mədəniyyət evi sökülərək yerində texniki və estetik tələblərə cavab verən müasir memarlıq üslubunda çoxfunksiyalı monumental mədəniyyət mərkəzi inşa olunmuşdur. “EL.N Layihə, Tikinti, Dizayn” şirkətinin memarlarından, dizaynerlərindən və layihəçilərindən ibarət yaradıcı qrupun və inşaatçıların birgə əməyi nəticəsində ərsəyə gələn, füsunkar təbiət mənzərəsi ilə harmoniya təşkil edən gözəl memarlıq nümunəsi yaradılmışdır.
Bildirildi ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf landşaftla ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Genişliyi və müasirliyi ilə diqqəti cəlb edən binanın foyesində mərkəzin hazırkı görkəmini əks etdirən maketləri də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılmışdır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.
Bildirildi ki, üç qrim, iki məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, VİP, dərnək, rejissor və aktyorların istirahəti üçün otaqlar yerləşir. Bu binanı digərlərindən fərqləndirən cəhət daxili divarların ekoloji cəhətdən təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, müasir çıraq və mebellərlə təchiz edilmişdir. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici etmişdir.
Diqqətə çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılmışdır. Burada xüsusi qazanxana, transformator yarımstansiyası, mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılmış, su anbarı tikilmişdir. Mərkəzin yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə uyğun olaraq abadlaşdırılmışdır.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Qəbələ sakini Şirin Şirinov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO