Prezident İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub

Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Bildirildi ki, burada ulu öndərin müxtəlif vaxtlarda Hacıqabula səfərlərini, rayon sakinləri ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanıb. Bundan başqa, Mərkəzdə gənclərin ilkin sənət vərdişlərinə yiyələnmələri üçün müxtəlif dərnəklər fəaliyyət göstərəcək.
Sonra dövlətimizin başçısı İlham Əliyev Hacıqabulun mərkəzindəki Heydər Əliyev parkını gəzdi. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Prezidentinə məlumat verdi ki, 2011-ci ilin sentyabrından parkda yenidənqurma işlərinə başlanılıb.
Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan-“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısına yolun parametrləri, respublika əhəmiyyətli digər yollarda aparılan işlər, Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə məlumat verildi.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü. Təzə çəkilən yolun əhəmiyyətindən danışan dövlətimizin başçısı yolların hər bir yaşayış məntəqəsi üçün önəmini vurğuladı.
Kənd sakini Qənimə İsrafilova göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi.
Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatı planı və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.
Dövlətimizin başçısı Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabula səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan yenidənqurma işləri ilə tanış oldu.
Dövlətimizin başçısı hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı.
Daha sonra Prezident İlham Əliyev Hacıqabulda Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etdi.
Müəssisə ilə tanış olan dövlətimizin başçısına Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi – yeni keramaqranit zavodu barədə məlumat verildi.
Dövlətimizin başçısı gilizi zavodun təməlinə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı. Prezident İlham Əliyev daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Salonda zavodda istehsal olunan və olunacaq məmulatların nümunələri nümayiş etdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO