Prezident İlham Əliyev: Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırla

Prezident İlham Əliyev: Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırla AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı çıxında görüş iştirakçılarına xatırladıb ki, iki həftə bundan əvvəl “Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Sərəncamda prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramının layihəsi hazırlansın və dövlət başçısına təqdim edilsin. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb. İşçi qrupu fəal işləməlidir ki, konkret proqram qəbul edilsin.
“Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri göstərilməlidir ki, sadəcə olaraq hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın”, prezident deyib.
O bildirib ki, eyni zamanda, proqram elə olmalıdır ki, orada gəncləri hazırda narahat edən məsələlər öz əksini və həllini tapsın. Ümumiyyətlə, bu istiqamətdə son illərdə böyük işlər görülüb. “Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, çox vacibdir”, İlham Əliyev deyib
Bu proqramla bağlı prezident hesab edir ki , orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Onun fikrincə, son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülüb, yüz minlərlə yeni iş yeri, yeni müəssisələr açılıb. “Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq“, o bildirib.
Prezident qeyd edib ki, gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlət başçısı bildirdi ki, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərdən danışan prezident İlham Əliyev bunun daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu dedi. “Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir”, – deyən dövlət başçısı bildirdi ki, kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsinlər.
Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyin zəruriliyini vurğulayan prezident İlham Əliyev orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində ölkədə irəliyə doğru addımlar atıldığını qeyd etdi, bu sahədə görüləsi işlərin hələ çox olduğunu bildirərək dedi:
-Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələlər proqramda da öz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcək. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Dövlət başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunaraq bildirdi:
-Gənclərin, yenə də deyirəm, bütün problemləri proqramda əks olunmalıdır. Biz fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir. İndi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir. İdmançıların fəaliyyəti üçün bütün tədbirlər görülür və biz burada iki məqsədi güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün biz peşəkar idmançıları da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilib. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi oyadır. Biz fəxr edirik ki, idmançılarımız, yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd edərək dedi:
-Proqramda hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir və biz artıq bunun şahidiyik.
Görüşdə çıxış edənlər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı verdiyi sərəncama və gənclərlə belə bir görüşün keçirilməsinə görə dövlət başçısına minnətdarlıq etdilər. Gənclər Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini bildirdilər. Çıxış edənlər texniki peşə məktəblərində təhsilin təkmilləşdirilməsi, müasir bilik və bacarığa malik olan peşəkar texniki kadrlara olan ehtiyacı həll etmək üçün müxtəlif elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyinin göstərilməsi, yeni menecerlər nəslinin yetişdirilməsi üçün gənc sahibkarların stimullaşdırılması, ali təhsil ocaqlarında pedaqoji kadr məsələləri, xaricdə təhsillərini başa vurmuş gənclərin universitetlərdə pedaqoji işlərə cəlb olunması, gənclərin sosial məsələlərinin həlli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında gənclərin rolu və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər.
Gəncləri dinləyən dövlətimizin başçısı görüşdə səslənən təkliflərin hamısının Dövlət Proqramının hazırlanmasında nəzərə alınacağını dedi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin dəyişməz mövqeyini bir daha bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO