Parlamentdə alternativ xidmətlə bağlı qanun layihəsi hazırlanır

«Bəziləri düşünürsə ki seçkidə niyə səs verməlidir, səhv edir». Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Konstitusiya Günü ilə bağlı keçirdiyi tədbirdə söyləyib. Ziyafət Əsgərov deyib ki, Konstitusiyamızda prezident, parlament və bələdiyyə seçkilərində vətəndaşları bilavasitə iştirak etmək hüququ verilib: “Hər bir vətəndaş seçki hüququndan da istifadə etməsi zəruridir. Seçkidən seçkiyə bu sahədəki çatışmazlıqların aradan qalxdığı müşahidə olunur”. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, parlament seçkilərində majoritar sistemə üstünlük verilməsi təsadüfi deyildi: “Çünki bu halda vətəndaşlar deputat seçkisində birbaşa iştirak edir, hər bir səs xüsusi önəm daşıyır. Yəni vətəndaşın bu prosesdə rolu artır”.

Əli Hüseynli prezident səlahiyyətlərinin parlament sədrinə yox, baş nazirə keçməsi barədə müddəanın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Çünki biz prezident səlahiyyətlərinin parlament sədrinə keçdiyi halda parlamentdə, ölkələrdə nə baş verdiyini görüb, yaşamışıq. Bir icra orqanının səlahiyyətinin digər icra orqanına keçməsi daha məntiqlidir”. Komitə sədri vurğulayıb ki, prezident seçkilərində məhdudiyyətlərin qaldırılması ilə bağlı referendumun keçirilməsi və müvafiq dəyişikliyin qəbul olunması da mütərəqqi addımdır: “Çünki bununla seçmək və seçilmək hüququ genişləndirildi. Təəssüf ki, müxalifət bunu başa düşə bilmirdi. Biz ancaq hüquqa söykənirdik”.

Əli Hüseynli qeyd edib ki, Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib: “Bizim hələ o vaxt Avropa Şurasına qəbulumuz nəzəri məsələ idi. Ancaq Azərbaycan Konstitusiyası artıq bu məsələyə nöqtə qoymuşdu. O vaxt Avropa Şurasını yaradan bir sıra ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyada hələ ölüm hökmü ləğv olunmamışdı”.
Komitə sədri xatırladıb ki, Avropa Şurasının 13 saylı protokolu var. Bu protokol müharibə vəziyyətində belə ölüm cəzasının ləğvini nəzərdə tutur: “Azərbaycan 13 saylı protokola qoşulmayıb. Ancaq Azərbaycan müharibə şəraitindədir və bu məsələdə ictimaiyyətin fikri önəmlidir. İctimaiyyət necə düşünür, müharibə şəraitində belə ölüm cəzasını ləğv edə bilərikmi? Gənclər də bunun üzərində düşünməlidir”.

Alternativ xidmətlə bağlı Konstitusiyada hər bir vətəndaşın hüququ əksini tapıb, ancaq hələ alternativ xidmətlə bağlı qanun yoxdur: “Təhlükəsizlik və müdafiə komitəsində alternativ xidmətlə bağlı qanun layihəsi işlənir. Gənclər bu barədə nə düşünür? Müharibə şəraitindəyik və gənclərin də bu məsələdə fikri önəmlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO