Pakistanda “Xocalı soyqırımı – BMT-yə ünvanlanmış suallar ” adlı seminar keçirilib


Pakistanda "Xocalı soyqırımı - BMT-yə ünvanlanmış suallar" adlı seminar keçirilib

Pakistanın Lahor şəhərində yerləşən “Comsats” Universitetində Azərbaycan-Pakistan Fondu tərəfindən Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı – BMT-yə ünvanlanmış suallar” adlı seminar keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə universitetin, həmçinin Pəncab əyalətinin digər ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyətləri iştirak ediblər.
Seminarın başlanğıcında Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun tədbir iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə Ermənistan-Azərbaycan, Dağlığ-Qarabağ münaqişəsinin mahiyyəti, Xocalı soyqırımı haqqında məlumatlar verilib, Pakistanın bu məsələdə tutduğu mövqe, Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Fondunun prezidenti Çoudri Naman Zəfər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirib.
Professor Abdus Sattar öz çıxışında müsəlman dünyasının üzləşdiyi problemlər, regional münaqişələr haqqında danışıb. O, Xocalı soyqırımının bir neçə ölkənin parlamenti və bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınsa belə, bütövlükdə dünya ictimaiyyətinin bu soyqırıma laqeyd yanaşdığını, lazımı hüquqi qiymət verilmədiyini vurğulayıb.
“Comsats” Universitetinin Professoru Fuad Cavid öz çıxışında Xocalı soyqırımı haqqında danışaraq, dinc əhaliyə qarşı erməni yaraqlıların etdiyi vəhşilikləri “orta əsr barbarlığı” adlandırıb. O, Xocalı dəhşətlərinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, İngiltərə, Fransa, Rusiya, Türkiyə və Pakistan mediasından sitatlar gətirib, auditoriyanın diqqətini Xocalı soyqırımının hüquqi aspektlərinə cəlb edərək, faciə zamanı “bir qrup insanın milli mənsubiyyətinə görə məhv edildiyini” bildirib və məhz buna görə də həmin hadisələrin soyqırım anlayışına uyğun olduğunu vurğulayıb.
Tədbirin sonunda Azərbaycan-Pakistan Fondunun prezidenti Çoudri Naman Zəfər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO