Ombudsman Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin işğal günləri ilə bağlı bəyanat yayıb

Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zaman-zaman zəbt olunması əvvəllər rus çarizminin, daha sonralar isə keçmiş sovet imperiyasının yürütdüyü şovinizm siyasətinin, erməni vandalizminin çirkin oyunlarına dəstək verməsinin nəticəsi idi: “Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 1000-dək yaşayış məntəqəsi dağıdılıb”.

Bəyanatda qeyd olunur ki, bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən çox mühüm strateji əhəmiyyəti olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi sayılan, əhalisinin 92 faizini azərbaycanlılar təşkil edən Şuşa şəhərinin, habelə Laçın rayonunun işğalından on doqquz il keçir: “8 may 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadratkilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid, 105 nəfər əlil olub, 66 nəfər girov götürülüb. 60 mindən artıq laçınlı soydaşımız ölkəmizin 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkün həyatı yaşamaqdadır. Bu rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 101 məktəb, o cümlədən məktəbəqədər və peşə təhsili müəssisələri, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb.

1993-cü il aprelin 2-də isə coğrafi mövqeyinə görə Ermənistan və Dağlıq Qarabağ arasında sədd olan, sahəsi 174 min hektara çatan, 52 min nəfər əhalinin yaşadığı, təbii sərvətlərlə zəngin Kəlbəcər rayonu düşmən qüvvələri tərəfindən işğal edilib. Kəlbəcərin süqutu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə, ermənilərin sonrakı işğalçılıq planlarının həyata keçməsinə – Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı digər rayonların – Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın, ümumən 17 min kvadrat kilometr ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasına şərait yaradıb.

Bu təcavüz nəticəsində beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib”.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın işğal edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli 100.000-dən artıq mədəniyyət nümunəsi yararsız hala salınıb və qəsb edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılıb. Ombudsman erməni terrorçuları və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyib.

Bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO