“O şəkillərə dəyənin atasını yandıraram…”

Prezidentliyə namizədlərin seçki plakatları o qədər də geniş yayılmayıb

Artıq bir həftədir ki, Azərbaycan prezidentliyinə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Təbliğatın əsas vasitələrindən biri də plakatlardır. Lent.az-ın əməkdaşının Bakı şəhərinin mərkəzində – “Sahil” metrostansiyasının yaxınlığında apardığı müşahidələr nəticəsində məlum olub ki, bu günə qədər heç də bütün namizədlərin plakatları asılmayıb. Daha doğrusu, asılıbsa da sayları o qədər azdır ki, rastımıza çıxmadı.
Namizədlər arasında daha çox indiki prezident İlham Əliyevin plakatına rast gəlinir.
Ondan sonra sayca ikinci gələn Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin plakatlarıdır.
BAXCP sədri Qüdrət Həsənquliyevin plakatları da kifayət qədər geniş yayılıb.
Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlunun (Mustafayev) da plakatları əksər yerlərdə asılıb.
Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyevin plakatları kiçik ölçülü olması ilə fərqlənir.
AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin plakatlarına isə rast gəlmədik.
Ümumilikdə plakatlar seçki məntəqələrinin yaxınlığındakı lövhələrə və müxtəlif iaşə müəssisələrinin divarlarına, şüşələrinə yapışdırılıb. Maraqlıdır ki, seçki məntəqələrinin yaxınlığındakı lövhələrin böyük hissəsi boş qalıb.
Müşahidəmiz zamanı namizədlərdən hansınınsa cırılmış plakatına rast gəlmədik. Sakinlər isə deyir ki, əvvəlki seçkilərdəki kimi çox olmasa da, hərdənbir plakatları cıran, qoparan olur.
23 saylı Nəsimi-Səbael seçki dairəsinin 24 saylı seçki məntəqəsinin əməkdaşı isə məntəqənin yaxınlığındakı lövhələrdən plakatların qoparılmasına imkan vermədiklərini deyir: “Kimin nə ixtiyarı var belə iş tutsun?! O şəkillərə dəyənin atasını yandıraram…”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO