“Nabucco” qaz kəmərinin tikintisinə 2013-cü ildə başlanacaq

Layihənin vaxt çərçivəsinə təchizat qrafikinə uyğun olaraq bir il dəyişiklik edilib.

Tikinti işlərinin 2013-cü ildə başlanması nəzərdə tutulur. Sözügedən vaxt çərçivəsi Xəzər və Yaxın Şərq regionlarında qaz təchizatları üçün potensial təchizatçılar tərəfindən elan olunmuş qrafikdə dəyişikliklərin birbaşa nəticəsi kimi dəyişilib. «Nabucco» layihəsi üçün vaxt çərçivəsini qaz təchizatçılarının qrafiki ilə uyğunlaşdırmaq üçün tikinti işlərinin 2013-cü ildə başlanması nəzərdə tutulub.

«Nabucco Gas Pipeline International» şirkətinin baş direktoru Reynhard Mitçekin sözlərinə görə, layihə ilə bağlı işlər bu vaxta qədər müsbət istiqamətdə irəliləyib. Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi müfəssəl formada həyata keçirilib, tədarük və digər əhəmiyyətli işlərlə bağlı konkret addımlar atılıb: «Qaz təchizatına dair öhdəliklərin götürüldüyünü göstərən rəsmi təkliflər olan kimi Açıq Mövsüm prosesi başlanacaq. Bundan sonra Son İnvestisiya Qərarı qəbul olunacaq. İndi biz boru kəməri ilə birinci qazın 2017-ci ildə axacağını gözləyirik. «Nabucco» layihəsi öz sifarişçilərinin ehtiyaclarına əsasən davam edir».

Eyni zamanda «Nabucco» layihəsinin sərmayədarları təsdiq edib ki, qaz təchizatçıları ilə danışıqlar ümidvericidir. Qaz təchizatı ilə bağlı bütün danışıqlar sərmayədarlar və Türkiyə və Avropadan olan üçüncü tərəf qaz alıcıları tərəfindən aparılır və infrastruktur şirkəti kimi fəaliyyət göstərən «Nabucco Gas Pipeline International» şirkətindən tamamilə ayrılıqda həyata keçirilir.

Qeyd edək ki, bundan öncə «Nabucco»nun tikintisinin 2012-ci ildə, Azərbaycan qazının kəmərlə nəqlinin isə 2015-ci ildə başlanacağı gözlənilirdi.

Xatırladaq ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avroraya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pireline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 7,9 mlrd. avro təşkil edir. Lakin hazırda bu rəqəm layihə heyəti tərəfindən dəqiqləşdirilir.

İtaliya bəstəkarı Cüzerre Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO