Müxalifət nümayəndələrinin həbsi məsələsi siyasiləşdirilir

Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və “Real” Hərəkatının həmsədri İlqar Məmmədovun həbsi ilə bağlı məsələ bəzi daxili, xarici qüvvələr tərəfindən siyasiləşdirilir.
“Hər bir insan Azərbaycan qanunlarına sayğı ilə yanaşmalıdır və bu insanların da qanunlara sayğı ilə yanaşıb-yanaşmaması məsələsi müvafiq araşdırmadan sonra bəlli olacaq”, Trend-in məlumatına görə, bunu Əli Həsənov “Xəzər” TV-yə açıqlamasında deyib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin daha öncə yaydığı məlumata görə, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və “Real” Hərəkatının həmsədri İlqar Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib. Onlar İsmayıllı hadisələri zamanı ictimai-siyasi sabitliyi pozmağa yönələn çağırışlar etməkdə ittiham olunur.
Qeyd edilən cinayət işi üzrə Yaqublu Tofiq Rəşid oğlu, Məmmədov İlqar Eldar oğlu, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Respublika Prokurorluğu və DİN-in yanvarın 29-da yaydığı birgə bəyanatda bildirilmişdi ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və “Real” Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO