Müstəqil Azərbaycan oktyabrın 15-də altıncı prezidentini seçəcək

2008-ci il oktyabrın 15-də Azərbaycan müstəqillik qazanandan ölkədə 6-cı dəfə prezident seçkiləri keçiriləcək. APA-nın məlumatına görə, prezident seçkilərinin günü Mərkəzi Seçki Komissiyasının (MSK) bu il iyulun 28-də keçirilmiş iclasında elan edilib. Seçkilərə rəsmi start isə MSK-nın qərarı dərc olunduğu gündən – iyulun 29-dan verilib. Əksər müxalifət partiyası seçkilərə qatılmamaq qərarı versə də, ilkin mərhələdə 21 nəfər prezidentliyə öz namizədliyini irəli sürüb. Namizədlərin 10-u seçici imzaları toplamadan namizədliyini geri götürüb, 1 nəfər imza vərəqələrini boş, 1 nəfər isə müəyyən olunmuş vaxtdan gec qaytarıb. Tələb olunan 40 min imzanı toplayaraq müəyyən olunmuş müddət ərzində MSK-ya təqdim edən 9 nəfərdən 2-nin – Mais Güləliyev və Ağaevli Əli İsanın topladığı imzaların bir hissəsi etibarsız hesab edildiyindən onların namizədliyi qeydə alınmayıb. Beləliklə, prezidentliyə 7 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP sədri Fazil Qəzənfəroğlu, bitərəf Qulamhüseyn Əlibəyli, ALDP sədri Fuad Əliyev və MMP sədri Hafiz Hacıyevdir. Namizədlərin təbliğat-təşviqat kampaniyasına səsverməyə 28 gün qalmış – sentyabrın 17-də start verilib. Bütün seçki məntəqələrinin ərazisində təşviqat materiallarının yapışdırılması üçün MSK tərəfindən hazırlanmış xüsusi lövhələr quraşdırılıb. Bu lövhələrdən kənarda şəkil və plakatların yerləşdirilməsi isə yalnız bina, obyekt sahibinin icazəsi əsasında baş tutub. Həmçinin, kütləvi tədbirlər üçün də yerli icra hakimiyyətləri tərəfindən müvafiq yerlər ayrılıb. Təbliğat-təşviqat kampaniyası üçün hər bir namizədə dövlət büdcəsindən 28 min manat verilib. Bu məbləğ ötən seçkilərdən MSK-ya borclu qalan namizədlərə şamil edilməyib. Ümumilikdə isə Azərbaycanda prezident seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb. Təbliğat-təşviqat kampaniyasına MSK-nın nəzdində yaradılmış mətbuat qrupu nəzarət edib. Prosesin gedişində ciddi qanun pozuntuları qeydə alınmayıb. 28 gün müddətində qrupa cəmi 4 müraciət daxil olub. Seçkilər elan olunduqdan dərhal sonra MSK, Xarici İşlər Nazirliyi və Milli Məclis seçkinin müşahidəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin aidiyyəti qurumlarına dəvət məktubları göndərib. Avropa Şurası, ATƏT, MDB, Avropa Parlamenti, GUAM seçkiləri izləmək niyyətini bildirib və hazırda onların müşahidə missiyaları Azərbaycandadır. Adıçəkilən beynəlxalq təşkilatların Azərbaycanda ümumilikdə 1200-dən çox müşahidəçisi səsvermənin gedişini izləyəcək. ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb. Qruplar müəyyən olunmuş bölgələr üzrə ətraf rayonlarda yerləşən seçki dairələrində seçki prosesini izləyəcəklər. Seçkini izləmək üçün 30 xarici KİV-dən 92 jurnalist MSK-da qeydiyyatdan keçib. Aəsverməni izləmək üçün seçki komissiyalarında 47 min yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 2672-si MSK-da, qalanları isə Dairə Seçki komissiyalarında qeydlə alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsində müşahidə aparmaq hüququna malikdirlər. #214;tən parlament seçkilərindən fərqli olaraq, bu dəfə Azərbaycanda “exit-poll”u xarici yox, yerli təşkilatlar keçirəcəklər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə 118 seçki dairəsini əhatə edən 800 seçki məntəqəsində, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) 57 seçki dairəsini əhatə edən 488 seçki məntəqəsində, “RƏY” Monitorinq Mərkəzi isə 64 seçki dairəsini əhatə edən 500 seçki məntəqəsində “exit-poll” keçirəcək. Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi gün – oktyabrın 15-i qeyri-iş günüdür. Səsvermə iş gününə – çərşənbəyə təsadüf etdiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO