MSK müxalifətin müraciətini əsaslı saydı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, əvvəlcə “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupunun Mərkəzi Seçki (Referendum) Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün (Ənvər Əliyev) təsdiq edilməsi, səlahiyyətli nümayəndələrin (18 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə) və vəkil edilmiş şəxslərin (25 nəfər) qeydə alınması məsələsinə baxılıb və müsbət qərar verilib.

Daha sonra “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü (Osman Kazımov) təsdiqlənib, qrupun səlahiyyətli nümayəndələri (24 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə) və vəkil edilmiş şəxsləri (25 nəfər) qeydə alınıb.

İclasda “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının MSK-ya müraciətinə baxılıb və qərar qəbul olunub. MSK üzvü Ramiz İbrahimov bildirib ki, səlahiyyətli nümayəndə müraciətində referendumqabağı təşviqat aparmaq üçün “Xalq” qəzetində onlara ayrılmış yerdə təşviqat materialı yerləşdirilərkən yazının başlığı dəyişdirilib. G.Slanlı bunu qanun pozuntusu kimi dəyərləndirərək pozuntunun aradan qaldırılmasını istəyib. R.İbrahimov məsələ ilə bağlı “Xalq” qəzetinə sorğu göndərildiyini bildirib. Qəzet MSK-ya göndərdiyi cavab məktubunda bunun texniki səhv nəticəsində baş verdiyini bildirib. R.İbrahimov deyib ki, MSK-nın araşdırmaları nəticəsində G.Aslanlının müraciətinin əsaslı olduğu aşkarlanıb. Onun sözlərinə görə, MSK məsələ ilə bağlı rəy hazırlayıb. Rəydə göstərilib ki, G.Aslanlının müraciəti əsaslı hesab edilsin və “Xalq” qəzeti tərəfindən yol verilmiş pozuntu aradan qaldırılsın.

MSK üzvü Akif Qurbanov hazırlanan rəylə bağlı fikrini açıqlayaraq bunu müsbət hal kimi dəyərləndirib. Lakin o, qəzetlə bağlı daha konkret qərar çıxarılmalı olduğunu deyib.

MSK üzvü Almaz Qəhrəmanlı da A.Qurbanovun dediklərini dəstəkləyib.

R.İbrahimov isə bildirib ki, əgər qəzet pozuntunu aradan qaldırmasa, redaksiyaya yenidən müraciət ediləcək.

Daha sonra R.İbrahimovun səsləndirdiyi rəy səsə qoyulub, 1 nəfər əleyhinə olmaqla qərar qəbul olunub.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO