MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞYanvarın 30-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Ders Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, səfir Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və 2009-cu il martın 18-nə təyin edilmiş referendumun hazırlanıb keçirilməsi ilə bağlı MSK-nın fəaliyyəti ilə maraqlanmışdır.
Komissiyanin sədri ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında səmimi və səmərəli əməkdaşlığın mövcud olduğunu, bu münasibətlərin inkişaf etdirilməsindən və daha da möhkəmləndirilməsindən məmnunluq duyduğunu bildirmişdir. O, MSK tərəfindən ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə Təqvim Planının təsdiqləndiyini və qurumun bu plana uyğun olaraq addımlar atdığını qeyd edərək görülən işlər barədə ətraflı məlumat vermişdir.
Qonaq söhbət əsnasında, MSK-nın seçicilər və aşağı seçki komissiyaları üçün hazırladığı maarifləndirmə proqramı barədə məlumat verilməsini xahiş etmişdir. Sədr komissiyanın referenduma hazırlıqla bağlı genişmiqyaslı maarifləndirmə proqramını həyata keçirdiyini bildirərək, həmin proqram barədə ətraflı danışmış və qeyd etmişdir ki, seçicilər üçün “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə uyğun olaraq Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılmış hissələrinin müqayisəli mətnini və Referendum Aktının layihəsini dərc edərək aşağı seçki komissiyalarına vermiş və onların seçicilərə çatdırılmasını tövsiyə etmişdir. M.Pənahov gələcəkdə görüləcək işlər barədə də səfirə məlumat vermişdir.
Səfir səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasındakı tərəfdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu vurğulamışdır.
(AzərTAc)

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO