Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun tədbirlərinə qatılacaqlar

Nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə gedib. Martın 11-dək davam edəcək tədbirdə “Avropada işgəncələrə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi”, “Müasir beynəlxalq hüquqda milli suverenlik və dövlətçilik” mövzularında məruzələr dinləniləcək. Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə, qurumun fəaliyyətində bərabərlik prinsipinə və Parlament Assambleyasında islahatlara dair müzakirələr aparılacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev də AŞPA komitələrinin Parisdə keçiriləcək iclaslarında iştirak edəcəklər. Qurumun Siyasi işlər komitəsində “Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi”nə dair müzakirələr aparılacaq. Belarusda, Tunisdə və Yaxın Şərqdə vəziyyət araşdırılacaq. İclasda Əfqanıstandan ixrac edilən narkotik maddələrin Avropa üçün təhlükəsi, həmçinin İranın nüvə proqramı məsələlərinə də baxılacaq.

Daimi komitədə Aralıq dənizi bölgəsində ətraf mühitin mühafizəsi, Rodos və Kos adalarının türk mənşəli əhalisinin vəziyyəti, biometriyanın insan hüquqlarına təsiri, eləcə də qadınlara qarşı zorakılıqla mübarizə məsələləri gündəmdə olacaq.

Deputatlar həmçinin xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumuna qatılmaq üçün Parisdən Strasburqa yollanacaqlar. Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlının da qatılacağı Beynəlxalq Forumda “İnsan kapitalı Azərbaycanın inkişaf prioritetidir”, “Gənclik və ictimai diplomatiya”, “Azərbaycançılıq – gələcək naminə birlik” mövzularında məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO