Cəzalandırılanlar arasında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Həsən Əliyev də var
Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilib. Bütün apellyasiya məhkəmələri, Bakı şəhərinin rayon və digər məhkəmə sədrlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə ən yüksək demokratik standartlar çərçivəsində, mütəşəkkil keçirilmiş prezident seçkilərinin uğurla başa çatmasını, xalqımızın yüksək vətəndaş həmrəyliyi nümayiş etdirərək öz tarixində növbəti nailiyyətə imza atmasını vurğulayıb. Qeyd edilib ki, ölkə prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə görülən tədbirlər, o cümlədən yeni regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, hakim ştatlarının 50 faiz artırılması, 160-dək yüksək hazırlıqlı hakimliyə namizədin Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilməsi, habelə haqlı narazılığa və digər mənfi hallara yol verən 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilməsi məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərib, məhkəmələrə inamı yüksəldib. Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində işlərin qeydə alınması, bölgüsü və hərəkətinin beynəlxalq standartlara uyğun aparılmasının əhəmiyyəti nəzərə alınaraq, həmin sahədə müvafiq Təlimat qəbul olunaraq cari ildən tətbiq edilməyə başlanıb və onun məhkəmələrdə tətbiqi vəziyyətinin monitorinqi keçirilib. Məhkəmə-Hüquq Şurasının iclasında monitorinqin nəticələri müzakirə olunub, Təlimatın icrası nəticəsində məhkəmə aparatlarının işinin xeyli təkmilləşdiyi, əksər məhkəmələrdə işlərin bərabər və obyektiv bölgüsünün təmin edildiyi, bu sahədə tədricən vahid təcrübənin formalaşdığı diqqətə çatdırılıb. Bununla yanaşı, qeyd olunub ki, bəzi məhkəmələr tərəfindən Təlimatın tətbiqinə lazımi diqqət yetirilməmiş, işlərin bölgüsünün yeni qaydalarına heç də həmişə əməl edilməyib, digər pozuntulara yol verilib.
İclasda qeyd edilən pozuntular müvafiq məhkəmə sədrlərinin nəzərinə çatdırılıb, Təlimatın tələblərinə ciddi əməl edilməsi, habelə icra və əmək intizamının möhkəmləndirilməsi, vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilib.
İclasda hakimlər barədə intizam icraatlarına da baxılaraq, kobud qanun pozuntularına yol verdiklərinə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Həsən Əliyevə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovaya, Lerik Rayon Məhkəməsinin hakimi Nizami Hümbətova töhmət verilib, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Mayisə Hüseynovanın intizam qaydasında başqa işə keçirilməsi barədə qərar qəbul olunub.
İclasda bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı intizam icraatı başlanılıb. /ANS PRESS/