Bazar ertəsi “Ailədə zorakılıq: müdafiə sistemi” mövzusunda Bakı-Moskva-Astana videokörpüsünün gedişində MDB ölkələrində ailədə zorakılıq problemləri müzakirə edilib.
Trend-in məlumatına görə, Milli Məclisin Elmira Axundova videokörpü zamanı iştirakçıları ölkədə ailələrdə zorakılıq hallarının qarşısının alınması üzrə görülən tədbirlər barədə məlumatlandırıb.
Axundova qeyd edib ki, Azərbaycanın Cinayət Məcəlləsi Qafqazda ənənəvi hesab edilən “gəlinin qaçırılması”na görə sərt tədbirlər nəzərdə tututr və ərə verilmək üçün qızın qaçırılması adi adam oğurluğu ilə eyni tutulur və 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Deputat habelə qeyd edib ki, erkən yaşda ərə verilmək probleminin həlli ilə bağlı qanunvericiliyə dəyişiklik edilib, qadın üçün nikaha daxilolma yaşı 18 yaş təşkil edir, qanunu pozanlar inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
Moskvada videokörpünün iştirakçıları Dövlət Dumasının MDB işləri və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Tatyana Moskalkova, Dumanın Sağlamlığın mühafizəsi üzrə komitəsinin üzvü Saliya Murzabayeva, eləcə də Təbii resurslar, təbiətdən istifadə və ekologiya komitəsinin üzvü Yevdokiya Bıçkova Rusiyada məişət zoraıkılığı problemləri barədə danışıblar.
Bıçkova qeyd edib ki, zorakılıq probleminin həlli üçün kompleks tədbirlər görülməli, böhran mərkəzləri yaradılmalıdır.
Rusiyalı deputatlar qeyd ediblər ki, statistikaya görə qadınların 30 faizi daim ərləri tərəfindən zorakılığa məruz qalırlar.
Deputatların sözlərinə görə, zorakılğa məruz qalan qadınların müraciət etmələri üçün mərkəzlər yaradılmalıdır.
Astanada videokörpünün iştirakçıları Qazaxıstan Prezidenti yanında Qadın məsələləri və ailə-demoqrafiya siyasəti üzrə milli komissiyanın sədri Gülşar Abdıkalikova, QR parlamentinin deputatları Svetlana Bıçkova və Yelena Tarasenko qeyd ediblər ki, cəmiyyətdə daim ailə zorakılığı halları baş verir, lakin çox vaxt onlar barədə danışılmır. Onlar qeyd ediblər ki, Qazaxıstanın qanunvericilik bazası belə faktların qarşısının alınması üçün təkmilləşdirilir.
“2005-ci ildə Prezidentin tapşırığı ilə gender bərabərliyi haqqında qanun qəbul edilib”, – deputat Tarasenko deyib.