Mübariz Qurbanlı: Xocalı hava limanı məsələsi Ermənistanın növbəti hiyləsi və fitnəkarlığıdır


Azərbaycan tərəfinin əsas istəyi odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgədə sülhə nail olmaq üçün işğalçı Ermənistana təzyiq etməli, Ermənistanın sülhə cəlb olunması üçün addımlar atmalıdırlar. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı YAP-ın rəsmi saytına bildirib.
“Ancaq təəssüf ki, Minsk qrupunun həmsədrləri vasitəçilər olaraq bu məsələdə ləngliyə yol verirlər”, – Qurbanlı deyib.
Bununla belə, danışıqlar prosesinin davam etməsinin vacib olduğunu deyən Qurbanlı bildirib ki, Azərbaycan bu prosesdə daimi iştirak edir və danışıqlardan çıxmağın tərəfdarı deyil.
Onun sözlərinə görə, Ermənistan nə qədər fitnəkar addımlar atsa da, Azərbaycan tərəfi səbrlə danışıqlar prosesində iştirak edir.
YAP icra katibinin müavini hesab edir ki, son vaxtlar danışıqlar prosesində müəyyən sönüklük müşahidə olunduğu şəraitdə həmsədrlərin bölgəyə səfər etmələri lazımdır.
Xocalı hava limanı ilə bağlı məsələyə gəlincə, Qurbanlı bildirib ki, bu, növbəti erməni hiyləgərliyidir.
“Ermənistana Xocalı hava limanı lazım deyil. Yerevanla Xocalı hava xəttinin açılmasının nə iqtisadi, nə də digər cəhətlərdən əhəmiyyəti yoxdur. Çünki bu hava reysi açılarsa, nə Yerevandan Xankəndiyə, nə də əks tərəfə kütləvi surətdə gəliş-gediş olacaq. Bu hava limanının perspektivini heç kim proqnozlaşdırmır. Sadəcə, bu hava xəttinin açılması iddiasının ortaya qoyulması növbəti erməni hiyləsi və fitnəkarlığıdır”, – Qurbanlı deyib.
O qeyd edib ki, bunu ortaya atmaqla işğalçı dövlət digər problemlərdən diqqəti yayındırmaq, həm beynəlxalq diplomatların, həm də Azərbaycan diplomatlarının enerjisini bu məsələyə yönəltmək istəyir.
“Eyni zamanda, erməni tərəfi bu məsələni gündəmə gətirməklə, Azərbaycanı daha çox qıcıqlandırmaq və hava limanı istifadəyə veriləcəyi təqdirdə, ölkəmizin atacağı addımlardan sui-istifadə etməyə çalışır. Azərbaycan tərəfi isə bunu çox gözəl bildiyindən öz mövqeyini açıq şəkildə ifadə edib”, – Qurbanlı bildirib.
O vurğulayıb ki, bu məsələ ilə bağlı həm Beynəlxalq Mülki Aviasiya Agentliyinin tələbləri, həm də beynəlxalq qanunvericilik var.
“Bunlara əməl edilmədikcə, bu cür hava reysinin açılması qeyri-qanuni hesab olunacaq. Beynəlxalq təşkilatlar, həmsədrlər və ayrı-ayrı dövlətlər Ermənistanın bu cəhdini pisləyirlər. Eyni zamanda, həmsədrlər daha konkret mövqe nümayiş etdirməlidirlər. Ermənistan bilməlidir ki, bu fitnəkarlıq onun özünə qarşı yönələcək”, – YAP icra katibinin müavini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO