Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün ilk dəfə keçirəcəyi buraxılış imtahanında 4910 məzunun iştirakı nəzərdə tutulur.
Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, peşə liseylərində yekun qiymətləndirmə TQDK tərəfindən ilk dəfə olaraq aparılır. Martın 17-də respublikanın 23 şəhər və rayonunda keçiriləcək imtahanlarda, ümumilikdə 29 imtahan mərkəzində baş tutacaq imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlayacaq.
Şagirdlər imtahana gələrkən özləri ilə “İmtahana buraxılış vərəqəsi”ni, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər.
Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə – Ana dili və Riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunur və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılır. Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirirlər.
Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır.
Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib