Marşrut avtobuslarının texniki təhlükəsizliyi yoxlanırmı?

“…biz ciddi araşdırma apara bilmirik. Amma vətəndaş olaraq bilirik ki, bu sahədə çox ciddi boşluqlar var”.
Son zamanların əsas gündəmi müxtəlif hallarda baş verən yol qəzalarıdır. Artıq əhali az qala hər gün baş verən bu dəhşətli ölüm hadisələrinə öyrəşib. Ötən həftə Qaradağ rayonunda qatarla avtobusun toqquşması isə hamımızı sarsıtdı. Burada ölən və yaralananların sayının çox olması hadisənin dəhşətindən xəbər verirdi. Hələlik qəzanın başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Amma qəzanın necə baş verməsi ilə bağlı müxtəlif versiyalar səslənir. Məsələn, hadisə şahidləri mediaya bildiriblər ki, sərnişin avtobusu dəmir yol xəttində qoruyucu şlaqbaumu keçən zaman sönüb. Bu vaxt sərnişin qatarının sürətlə yaxınlaşdığını görən sürücü və sərnişinlərdən bəziləri avtobusdan düşərək canlarını qurtara biliblər.Qatarın dəmir yol xəttinin üzərində nasaz vəziyyətdə dayanan avtobusu təxminən 20 metr sürüdüyü bildirilib. Şahidlər onu da deyiblər ki, şlaqbaumu tənzimləyən şəxs qəza baş verən zaman yatmış olub.
Qızıldaş qəsəbəsində yaşayan və 124 saylı avtobusdan istifadə edən VHP funksioneri Samir Əsədli bu hadisə ilə bağlı Facebookda status paylaşıb. Həmin statusda yazır: “Bu gün Lökbatanda qatar avtobusla toqquşmayıb. Avtobus gəlib qatar yolunda sönüb qalıb, sürücü düşüb qaçıb və həmin zaman qatar gəlib sürüyüb avtobusu aparıb. Avtobusda 70-dən artıq sərnişin varmış. Qatar tez saxlamasa imiş, bir adamda sağ qalmayacaqmış… Onu da deyim ki, 124 saylı avtobusun sürücülərinin çoxunun sürücülük vəsiqəsi də yoxdur. 23-25 yaşlı uşaqlar da sürür o maşınları. Həmin marşrut bütün şəhəri gəzir və 5 qəsəbə üçün Bakıdan adam daşıyır. Ayaq üstə də durmaq olmur. KİV-dən xahiş edirik bu məsələni ciddi araşdırsınlar. Çünki Bakı şəhərində sürücülər marşrutları kobud və vəhşi kimi idarə edirlər”.
Həmin vaxt 124 saylı avtobusda olan sərnişin Elçin Quliyevsə qəza ilə bağlı bunları deyib: “Bir onu bilirəm ki, ölənlər 20-dən çox olmalıdır. 124 saylı avtobusun sürücüsü maşını dəmiryol xəttinin üstündə saxladı. Keçə bilmədi. Sürücü düşüb qaçdı. Hadisəyə səbəb ərazidə olan şlaqbaumun tez açılması idi. Bundan sonra aləm qarışdı”.

Məlumdur ki, hər hansı qatar keçidə yaxınlaşanda şlaqbaumla avtomobil yolu bağlanmalıdır. Belə olan halda, görünür, şlaqbaum bağlı olmayıb. Əgər bağlanıbsa da, maraqlıdır ki, dəmiryol növbətçisi qatarın gəldiyini bildiyi halda niyə şlaqbaumu qaldırıb. Ayrıca, avtomobil yolunda keçid üçün icazənin olub-olmamasını bildirən işıqfor var. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov da bizimlə söhbətində dedi: “Dəmir yolu keçidlərində hərəkətin tənzimlənməsi var. Birinci, keçiddə maşının necə keçməsi məsələsi var. Orada ilk növbədə işıqforda “Stop” yazılır. Ona Dövlət Yol Polisi nəzarət edir”.
“Sürücü sərnişinlərə məhəl qoymayıb keçib”
Onun sözlərinə görə, qatar keçidə 1.5 km qalmış artıq şlaqbaum salınmalıdır: “Dəmir yolunda yanıb-sönən işıq qatarın gəldiyini göstərir. Əgər o işıq yanıb-sönürsə, mütləq hər hansı nəqliyyat varsa, hamısı dayanmalıdır. Yəni şlaqbaumun bağlı olub-olmamağına baxmayaraq, bu an maşınların keçidinə icazə yoxdur”.

N.Əzməmmədov bildirdi ki, qatar yaxınlaşdığından camaat 124 saylı avtobusun sürücüsünə saxlaması üçün əmr edib: “Sürücü sərnişinlərə məhəl qoymayıb keçib. Bundan sonra da hadisə baş verib. Çünki şahidlərin dediyinə görə, ondan əvvəl iki maşın keçib”.
Belə fikir yaranır ki, qatar keçidə 1.5 km məsafədən az qalırmış ki, belə hadisə baş verib. Çünki qatar həmin məsafəni qət edənə kimi bütün sərnişinlər avtobusdan düşə bilərdilər. Hətta sərnişinlərin köməyi ilə avtobusu itələyib dəmir yolundan uzaqlaşdırmaq da olardı. Hadisənin nəticəsi göz qabağındadır. Hansısa səhlənkar marşrut sürücüsü və dəmiryolu növbətçisi sərnişinləri qatar yolunda ölümlə üzbəüz qoyublar. Artıq ölənlər ölüb. Yaralılardansa hələ də ölüm ağrısını çəkənlər var.
Hadisənin səbəbinə gəldikdə, qəzanın səbəbi, əsasən avtobusun texniki təhlükəsizliyinə diqqət edilməməsidir. Bu kimi hallar nəticəsində baş verən yol qəzaları Azərbaycanda ənənəvi hala keçib. Xüsusən, marşrut avtobuslarının texniki nasazlığı tez-tez yoxlanılmır. Çünki istənilən belə avtobusların texniki nasazlığı sonda sərnişinlərin ölməsi ilə nəticələnir. Hər halda 124 saylı avtobus texniki baxımdan saz olsaydı, gedib dəmiryolu xəttinin üstündə sönməzdi.
Ümumiyyətlə maraqlıdır ki, müxtəlif şirkətlərə məxsus marşrut avtobuslarının texniki təhlükəsizliyi necə yoxlanlır? “EH TRANS-Çinar” MMC-nin dispeçeri Müşfiq Həsənli qəzetimizə bildirdi ki, 13 nömrəli marşrut avtobusları ayda bir dəfə TEO-2 yoxlanışından keçirlər: “Orada avtobusların bütün texniki hissələrinə ciddi baxış olur. Amma ola bilər, hər hansı avtobus yolda xarab olsun. Həmin an mərkəzə xəbər verilir və gəlib yerində nasazlığı aradan qaldırırlar. Əgər maşında nasazlıq daha ciddidirsə, onda qaraja aparılır”.

M.Həsənli sözarası Qaradağda baş verən məlum qəza haqda da danışdı. Onun dediyinə görə, dəmir yolu növbətçisi yolu şlaqbaumla bağlayıbmış: “Yolu 124 saylı avtobusun sürücüsü keçdiyi üçün açıb. Sürücü buradan gündə keçir deyə, görünür, ya tanışı imiş, ya da “hörmət” edibmiş ki, yolu açıb”.

X. F. MMC-nin dispeçeri Ramil Əsfərov isə bizimlə söhbətində 18 nömrəli marşrut avtobuslarının hər gün işdən sonra texniki təhlükəsizliyinin yoxlanıldığını dedi: “Əgər hər hansı texniki nasazlıq varsa, aradan qaldırılır. Ümumiyyətlə, problem olmasa da, ehtiyat üçün əyləc, elektrik sisteminə baxılır. Bizim maşınlar təzədir, elə də ehtiyac yoxdur. Amma ehtiyat üçün yoxlanış aparırıq”.

R.Əsfərov bildirdi ki, hansı maşında nasazlıq aşkarlanırsa, xəttə buraxılmır: “Bu birinci növbədə sərnişinlər üçün təhlükəlidir. Həmçinin avtobusların da sıradan çıxmasına səbəb olur”.
“Niyə şlaqbaum bağlı olmayıb?”

“Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalzadə isə “Paritet”ə açıqlamasında bildirdi ki, marşrut avtobusları hər gün və ya həftədə bir dəfə xəttə buraxılarkən yoxlanılmalıdır: “Bununla bağlı arayışlar təqdim olunmalıdır. Bunların hansı olur-olunmur, biz bununla bağlı məlumatsızıq. Ümumiyyətlə Nəqliyyat Nazirliyi ictimaiyyətlə işləməyə açıq deyil. O baxımdan biz ciddi araşdırma apara bilmirik. Amma biz vətəndaş olaraq bilirik ki, bu sahədə çox ciddi boşluqlar var”.

Ş.Camalzadənin fikrincə, Qaradağda baş verən qəza təkcə avtobusun texniki qüsurları ilə bağlı olmayıb: “Böyük ehtimalla səbəblərdən biri bu ola bilər. Məncə, bu qəza avtobusun sönməsi və sürücünün təcrübəsiz olduğundan həyəcanlanmasından irəli gəlir. Bir də hazırda bütün ictimaiyyəti maraqlandıran odur ki, niyə şlaqbaum bağlı olmayıb? Niyə gözətçi onu buraxıb ora? Bu ancaq və ancaq həmin qurumlarda işləyənlərin məsuliyyətsizliyindən irəli gəlir. Yəqin ki, sürücü oradan dəfələrlə keçib. Bu dəfə də fikirləşib ki, keçəcək, lakin alınmayıb”.

Yeri gəlmişkən, “Təhlükəsiz Yol” Alyansı bəyanat yayaraq bu hadisənin günahkarlarının tezliklə cəzalandırılmasını tələb ediblər: “Hesab edirik ki, bu və digər analoji hadisələrin baş verməsinə səbəb yalnız sürücünün qanunun tələblərini pozması deyil. Bu hadisənin günahkarları belə səriştəsiz və məsuliyyətsiz sürücünün işə götürülməsinə nəzarət edən, ona 10-larla insanın həyatını etibar edən, 10-larla insanı daşıyacaq sürücü hüququ verən və sair bu sahəyə məsul qurumlar, bu qurumların səlahiyyətli şəxsləridir”.
Bəyanatda qeyd olunur ki, Alyansın təsis edilməsinin səbəbi ölkəmizdə yol qəzalarının və bu qəzaların qurbanlarının dəhşətli statistikası olub: “Biz 12 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti qurumları olaraq bu Alyansı yaratdıq və bununla da yol qəzalarını yaradan səbəblərin aradan qaldırılması istiqamətində işlərin görülməsi zəruriliyinin həyəcan təbilini çaldıq. Öncəki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi bizim bütün əməkdaşlıq cəhdlərimizə reaksiya vermədi. Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi ilə bir sıra görüşlər keçirilsə də, konkret iş görülməsi məqamı yetişdikdə ictimai sektorla əməkdaşlıqdan boyun qaçırıldı – tərəfimizdən hazırlanmış əməkdaşlıq memorandumunun imzalanması reallaşmadı. Adıçəkilən memorandum özündə DYP ilə Alyansın birgə fəaliyyət isatiqamətlərini, habelə avtomobillərin texniki baxışı, sürücülük vəsiqələrinin verilməsi prosesinin monitorinqini – bu sahəyə ictimai nəzarəti ehtiva edirdi”.

Alyans bəyan edir ki, ölkəmizdə yol qəzalarının qarşısının alınması istiqamətində bu sahəyə məsul olan dövlət qurumlarının işi intensivləşdirilməli, bu qurumlar arasında əlaqələndirmə aparılmalı, bu qurumların ictimai sektorla əməkdaşlığı qurulmalı, bu sahəyə ictimai nəzarət üçün şərait yaradılmalıdır.

Paritet.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO