Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Veysəl Eroğlu Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd etdi. Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu deyən türkiyəli nazir əldə edilən böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü dedi. Prezident İlham Əliyev nazir Veysəl Eroğlunun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirdi.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.