Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Slovakiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ötən dövr ərzində ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumunun önəmini qeyd edən qonaq bu tədbirin keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Dövlətimizin başçısı Miroslav Layçakın Azərbaycana vaxtaşırı səfərlərini ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan Prezident İlham Əliyev tədbirin uğurlu olacağına və Forumun ənənəvi xarakter alacağına əminliyini bildirdi.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.